"Usta ali təhsillidən çox qazanır": Diploma olan həddindən artıq maraq gəncləri İŞSİZ QOYUR

media-hightechnic-468x90

“Peşə sahibi olanda insan heç vaxt ac qalmır, amma diplom olanda mütləq kimsə səni işə götürməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

media-photo-1683645845

O qeyd edib ki, gənclər arasında işsizliyin əsas səbəblərindən biri əmək bazarının tələbləri ilə təhsil sisteminin uyğunlaşmamasıdır:

“Bu gün bir çox sahədə iş yerləri olsa da, uyğun ixtisaslı və bacarıqlı kadr çatışmır. Eyni zamanda bəzi sahələrdə işçi çoxluğu müşahidə olunur. Texnologiyanın inkişafı nəticəsində əl əməyinə tələbat azalıb, sənaye və istehsal sahələrinin genişlənməsinə isə ehtiyac var. Biz görürük ki, bir çox şirkətlər vakansiyalar elan edir, lakin işçi tapa bilmirlər. Əmək bazarında bir çox sahələrdə iş var, amma işçi tapılmır. Bəzi sahələrdə isə əksinə, işçi çoxdur, lakin işə ehtiyac yoxdur. Çünki texnologiyanın inkişafı ilə bağlı əl əməyinə ehtiyac azalıb; bir çox sahələrdə artıq avtomatlaşdırılmış və robotlaşdırılmış sistemlər tətbiq olunur”.

Onun sözlərinə görə, cəmiyyətdə ali təhsilə həddindən artıq üstünlük verilir, halbuki əmək bazarında əsas ehtiyac peşə təhsilli kadrlardır. Peşəkar ustalar, texniki işçilər və xidmət sahəsi mütəxəssisləri həm daha asan iş tapır, həm də yüksək gəlir əldə edə bilirlər:

“Bizdə peşə təhsili geniş yayılmayıb, cəmiyyətimiz də buna yetərincə maraq göstərmir. Mən həmişə təklif edirəm ki, hökumət peşə təhsilinə marağı artırmaq üçün xüsusi proqram həyata keçirməlidir. Bir çox ölkələrdə gəncləri peşə təhsilinə yönəldirlər, çünki orada yaxşı iş tapmaq və uğur qazanmaq daha asandır. Hətta inkişaf etmiş ölkələrdə – Avropada, Amerikada, Kanadada yaxşı ustalar ali təhsilli mütəxəssislərdən dəfələrlə artıq gəlir əldə edir və öz bizneslərini qura bilirlər. Peşə məktəblərinin sayı artırılmalı, orada yeni dövrün tələblərinə uyğun ixtisaslar peşəkar müəllimlər tərəfindən tədris olunmalıdır”.

Sosioloq qeyd edib ki, gənclər yalnız diplom əldə etməyə deyil, eyni zamanda peşə sahibi olmağa çalışmalıdırlar. Peşə insanı daha sərbəst edir, onu əmək bazarında daim tələbatlı saxlayır və həm şəxsi, həm də ölkə iqtisadiyyatı üçün fayda yaradır.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa