Valideynlərdən pul alan bağça müdiri işdən çıxarıld
Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı yaşanıb.
Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində çalışmış Lətifə Nizami qızı Hasilova ilə bağlı hüquq-mühafizə orqanlarına çox sayda şikayət daxil olub.
Şikayətçilər bağça müdirinin onları müxtəlif işlərə düzəldəcəyi vədi ilə pullarını mənimsədiyini bildiriblər. Ümumilikdə 10-a yaxın vətəndaşdan külli miqdarda pul aldığı iddia olunan bağça müdiri barəsində araşdırmalara başlanıb. Araşdırmalar zamanı Lətifə Hasilovanın uşaq bağçasının müdiri işləyərkən çox sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verdiyi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsədiyi müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən verilən məlumata görə, L. Həsənova 1 dekabr 2025-ci il tarixindən vəzifəsindən azad olunub.












