Kreml divarlarındakı ÇATLAR – Putin bu dəfə Bortnikovu “günah keçisi” SEÇDİ
Rusiya Federasiyasında möhkəm görünən hakimiyyət vertikalı Ukrayna cəbhəsindəki ardıcıl uğursuzluqlarla, beynəlxalq təcrid və daxili parçalanma ilə sürətlə dağılmaqdadır. Aleksandr Bortnikova istefa tələbi isə bu siyasi eroziyanın açıq simvoluna çevrilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovun istefasının tələbi ilə bağlı yayılan informasiyalar Kreml daxilində uzun müddətdir qaynayan, lakin susqunluqla ört-basdır edilən narazılıqların və loyallıq iflasının real əlaməti oldu. Bu hadisə Ukraynanın iyunun 1-də həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı nəticəsində 41 hərbi təyyarənin, o cümlədən strateji bombardmançıların sıradan çıxarılması və Krım körpüsünün partladılması fonunda baş verdi. Artıq bu, sadəcə hərbi məğlubiyyət deyil – bu, siyasi fiqurların yerdəyişməsi ilə müşayiət olunan bir sistem çökməsidir.
Aleksandr Bortnikov Rusiya hakimiyyət strukturunun ən üst təbəqəsinin sütun fiqurlarından biridir. Bu elit qrupun üzvləri, demək olar ki, hamısı keçmiş KQB agentləri və onun varisi olan strukturlarda yetişmiş şəxslərdir. Lakin onların əsl gücü sadəcə dövlətə deyil, bir-birinə bağlılıqdan qaynaqlanırdı. Putin isə bu bağlılığı qorxu, şəxsi maraqlar və kompromatlar üzərindən idarə edirdi.
Ancaq elə bu mexanizm son illərdə öz effektivliyini itirib. Müharibə başladıqdan sonra təhlükəsizlik elitasının iki əsas siması – Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin getdikcə daha passiv, hətta istehzalı görünməyə başladılar. Onların siyasi müstəqillik axtarışları isə artıq sirr deyil. Narışkinin Qərb və Çin kanalları ilə gizli əlaqələr qurduğu iddiaları bu parçalanmanı daha da kəskinləşdirir.
Vladimir Putinin siyasi taleyi artıq onun şəxsi bacarığı və ya nüfuzu ilə deyil, ətrafındakı güc simalarının sədaqəti ilə bağlıdır. Amma bu sədaqət illüziyası sürətlə dağılır. Sergey Şoyqu və Valeri Gerasimov kimi generallar da, Sergey Lavrov kimi diplomatik fiqurlar da artıq daha çox şəxsi toxunulmazlıqlarını və post-putin dövrünü düşünürlər. Putin bir zamanlar “yeganə lider” kimi təqdim olunsa da, bu gün o, elə bir siyasi səhnədədir ki, öz komandasında heç kimin onunla qalacağına əmin deyil. “Rosneft” rəhbəri İqor Seçin və Rotenberq qardaşları kimi şəxsi dostlarının varlığı belə bu tənha orbitin dağılmasını əngəlləyə bilmir.
A. Bortnikovun istefası təkcə bir kadro dəyişikliyi deyil, bu, Rusiyanın təhlükəsizlik elitasının artıq Putinin gələcəyinə inanmamasının simvolik ifadəsidir. Ukraynadakı uğursuzluqlar, iqtisadi daralma və Qərbin sanksiyaları Rusiyanın daxili sistemini artıq tükətməkdədir. Əgər indiyə qədər Putin güc balansını qoruyurdusa, bu gün həmin balans artıq ona qarşı çevrilməkdədir.
Rusiya tarixində avtokrat liderlərin sonu çox zaman tənəzzüllə müşayiət olunub. Yeltsinin son günləri, Qorbaçovun təkliyi və ya Brejnev dövrünün sistem süqutu – bunlar Rusiyanın siyasi kodunda təkrarlanan naxışlardır. Putin də bu kodun sonuncu frazası kimi görünür.
Bortnikov kimi fiqurların səssiz gedişi, əslində, qasırğadan əvvəlki sükunətdir. Və bu sükunət Kreml divarlarında çatların dərinləşdiyini göstərir. Ən qorxulusu isə budur ki, bu divarlar içəridən çökür.
Rafi Müslümov