Rusiyadakı inflyasiya fonunda Kremlin yaxın həftələrdə və ya aylarda ictimai narazılıqları idarə etmək üçün müəyyən bir strategiya həyata keçirəcəyi gözlənilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Nezigar” adlı “Telegram” kanalı məlumat yayıb.
Kanal yazır ki, bu prosesə regional hakimiyyətlər, xüsusilə region rəhbərləri səviyyəsində cəlb ediləcək. Məlumatda qeyd olunur ki, artıq regional rəhbərlər konkret göstərişlər alıblar və bu göstərişlərə əsasən, cəmiyyətin narazılığını və mənfi əhval-ruhiyyəsini azaltmağa yönəlmiş tədbirlər həyata keçirilməlidir. Passivlik və ya “inflyasiya qaçılmazdır” tipli açıqlamalar yanlış yanaşma kimi qiymətləndiriləcək. Kreml hesab edir ki, belə vəziyyətlərdə xalq hökumətdən problemlərin həlli ilə bağlı konkret addımlar görməli, sadəcə, izahatlarla kifayətlənməməlidir.
Mümkündür ki, hökumət və istehsalçılar arasında müəyyən razılaşmalar əldə edilsin və bu razılaşmalara əsasən, bir müddət ərzində əsas ərzaq məhsulları və istehlak mallarının qiymətləri dondurulsun. Lakin “Telegram” kanalının ekspertləri bu cür addımların yalnız müvəqqəti təsir üçün nəzərdə tutulduğunu bildirirlər. Bundan əlavə, belə razılaşmalar ərzaq keyfiyyətinin pisləşməsinə və ya təchizat həcmlərinin azalmasına səbəb ola bilər. Bununla yanaşı, Kreml hesab edir ki, bu cür tədbirlər nümayişkaranə xarakter daşısa da, hazırkı şəraitdə ictimaiyyət arasında tələb olunur.
“Nezigar”ın ekspertləri qeyd edirlər ki, hazırda regional rəhbərlər ərzaq məhsullarının qiymət artımı ilə bağlı şərhlərdən yayınmağa çalışırlar. Bununla belə, “Telegram” kanalının Kremlin yaxın mənbələrinə istinadən verdiyi məlumata görə, Kreml regional hakimiyyətlərə inflyasiya məsələlərini öz üzərlərinə götürməyi və ictimai narazılığı azaltmaq üçün hər şey etməyi tapşırıb. Kreml strateqlərinin fikrincə, regional hakimiyyətlər, real təsir alətləri məhdud olsa belə, vəziyyətin onların nəzarətində olduğunu göstərməlidirlər. Bu məsələ yalnız iqtisadiyyatla deyil, həm də siyasi sabitliklə bağlıdır.
Tərcümə: Rafi Müslümov
www.yenicag.az