“Rusiya anlamalıdır ki, qalib tərəflə qalib, məğlub tərəflə də məğlub kimi davranmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlı kontingentinin Xankəndində 9 may parad hazırlığına mümkün ictimai təpkini dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev deyib.
Ədalət Verdiyevin fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinə etiraz bazası yaratmaq lazımdır:
“Lavrova və Rusiyaya çatdırmaq lazımdır ki, hakimiyyət tək deyil, bu etiraz xalqın sosial sifarişidir. “Qarabağ Azərbaycanındır” ifadəsi Rusiya rəsmiləri tərəfindən etiraf edilibsə, onlar buna uyğun davranmaq məcburiyyətindədirlər.
Rusiyanın Qarabağdakı hərbi kontingentinin hazırlaşdığı aksiya parad deyil. Çünki paradın öz komponentləri var. Klassik mənada parad bütün qoşun növləri, silah və texnikanın nümayişi ilə baş tutur.
Digər tərəfdən, Rusiya hərbi kontingentini hazırlıq gördüyü parad Azərbaycanın iştirakı ilə keçirilməlidir. Əgər bunu təmin edə bilmirlərsə, bu da ayrı mövzudur. Əgər keçiriləcəksə, biz də xüsusi təyinatlılarımızın bir taborunu o parada göndərə bilərik. Bu variant alınarsa, dünya da Rusiya ilə Azərbaycan əsgərinin fərqini görəcək.
Bu, 9 may paradıdırsa, orada qazilərimiz, şəhid ailələri və İkindi Dünya Müharibəsi iştirakçılarının yaxınları da iştirak etməlidir. Əgər Rusiya bunu təminat verə bilmirsə, onda paradı gedib Gümrüdə keçirsin.
Buna cavab olaraq azərbaycanlı xakerlər internet vasitəsilə paradın işıqlandırılmasına mane ola bilərlər. Bundan əlavə, Azərbaycanın Şuşada, yaxud da oraya yaxın ərazidə atəşfəşanlıq, alternativ parad keçirməsi də mümkündür. Ancaq bunu elə etməliyik ki, effektli alınsın. Həmçinin sosial şəbəkələrdə də geniş kampaniya aparılmalıdır. Pandemiya olmasa, Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirə bilərdik”.
Hərbi ekspert qeyd edib ki, Rusiya bu savaşın qalib və məğlub tərəfi ilə necə davranmağı bilməlidir:
“Rusiya çalışır ki, bərabər davransın və bununla da mövcudluğunu uzatsın. Rusiya anlamalıdır ki, qalib tərəflə qalib, məğlub tərəflə də məğlub kimi davranmalıdır. Qalib tərəf şərtləri diqtə edir, məğlub tərəf isə onu yerinə yetirir. Yerinə yetimirsə, çəkilsin kənara görsün, yerinə yetirdirik, ya yox.
Bu, bütün dünyada belə qəbul olunub. Almaniya kapitulyasiya aktını imzalayanda, onun nümayəndələrini salona buraxmadılar. Paşinyan da elə oldu. Özü də dedi ki, bilmədik, nə imzalayırıq. Məğlub tərəf qaliblə eyni masada əyləşə bilməz. Ona görə də, Rusiya məğlub tərəflə necə davranmağı bilməlidir. Əgər bacarmırsa, getməlidir”.
Səxavət Məmməd
www.yenicag.az