Kriminal aləmin bir nömrəli “qanuni oğru”larından hesab edilən Rövşən Lənkəranskinin Türkiyənin İstanbul şəhərində qətlə yetirilməsindən sonra əksəriyyət onun cəbhəsinin tamamilə süquta uğrayacağını düşünürdü. Lakin gözlənilənlərin əksi baş verdi.
Yenicag.az xəbər verir ki, bu səhnə bir növ Türkiyənin məşhur serialı “Kurtlar Vadisi”ni xatırladır. Süleyman Çakırın ölümündən sonra batacağı düşünülən gəminin sükanı arxasına Polat Alemdar keçir. Real həyatda isə Polat Alemdarı xatırladan şəxs Rövşən Canıyevin yaxın dostu “Şeyx Xəmzət” ləqəbli kriminal avtoritet Xəmzət Qastəmirovdur.
Dəfn mərasimində dostu Canıyevə sadiqliyini nümayiş etdirən Qastəmirov Lənkəranski qarşısında vəzifəsini layiqincə yerinə yetirdi desək, yanılmarıq. Lakin, bu, “qanuni oğru”nun vəfatından kədərlənənləri Azərbaycan dilində təsəlli edən “Şeyx Xəmzət”in Lənkəranskinin qarşısında son vəzifəsi deyildi. Belə ki, Canıyevin “mənəvi qardaşı” həm də itirdiyi dostunun qisasını almaq barədə düşünür və o, Lənkəranskinin qətlinin sifarişçisi kimi hesab edilən “Lotu Quli”nin bir nömrəli düşmənidir.
“Şeyx Xəmzət”in Azərbaycan dilini haradan bilməsinə gəlincə, o, bunu Bayıl türməsində məhbəsdə olarkən öyrənib. Qısa arayış olaraq bildirək ki, “Şeyx Xəmzət”in ilk məhbəs həyatı 90-cı illərin əvvəlinə təsadüf edir. O vaxt göyçaylı tacirlərdən biri Moskvadan Azərbaycana külli miqdarda pul qaçırıb. Hadisədən xəbərdar olan “Şeyx Xəmzət”lə digər “lotu” “Zöhrab Bakılı” pulu geri qaytarmaq üçün Azərbaycana gəlib. Tacirin pulu qaytarmaq niyyətində olmadığını görən Qastəmirov göyçaylını silahla ayağından vurub. Hadisədən sonra Qastəmirov üzərində silahla Şamaxı postunda saxlanılıb.
Bayıl həbsxanasına göndərilən Xəmzət Qastəmirovun burada yolu məşhur azərbaycanlı “qanuni oğru” “Lotu Bəxtiyar”la kəsişib. Keçmiş məhbus bildirir ki, həmin vaxt Qastəmirovla Bəxtiyar bir-birinə dayaq olub. Hətta o zaman Azərbaycanda un qıtlığı yarananda Çeçenistandan ölkəmizə taxıl və unun gətirilməsində “Şeyx Xəmzət”in Bəxtiyara köməyi dəyib. Belə ki, həmin vaxt Bəxtiyar “Şeyx Xəmzət”ə gömrükdə problem yaradıldığını bildirib. Qastəmirov isə öz növbəsində böyük qardaşı İdrisə xəbər yollayıb. İdris Qastəmirov və əmisi oğlanları Aslenbek və Müslimin sayəsində problem aradan qaldırılıb və qatarı gömrükdən buraxıblar.
Hazırda Avropa kassasının nəzarətçisi olan 42 yaşlı “Şeyx Xəmzət” Lənkəranskinin dəfnindən Bakıya qayıdarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Lakin heç bir təqsiri olmadığından çeçen əsilli kriminal avtoritet sərbəst buraxılıb və o, yaşadığı Almaniyaya geri dönüb.
Düzdü, “Şeyx Xəmzət”in varlığı hazırda çoxlarını narahat edir. Qarşı cəbhə sərvəti yüz milyonlarla ölçülən Qastəmirovu həzm edə bilmir. Bu səbəbdən dəfələrlə “qanuni oğru”ya qarşı sui-qəsdə cəhd edilib. Qroznı, Amsterdam və Berlində Qastəmirova qarşı sui-qəsd edilsə də, bütün cəhdlər uğursuz alınıb.
Aydın məsələdir ki, bəhs edilən sui-qəsdlər heç də boşuna deyil. Rövşən Lənkəranskinin vəfatından sonra “Şeyx Xəmzət”in Canıyevin bir nömrəli varisi sayılması bu sui-qəsdlərin əsas səbəblərindəndir.
Qısa arayış olaraq bildirək ki, Lənkəranskinin qətlə yetirilməsindən sonra Almaniya, İtaliya və Hollandiyadakı otellər, o cümlədən ticarət obyektləri 2011-ci ildə yaradılan “Daymokhc Trading GMBH” Holdinqin tam nəzarətinə keçib. Çeçen dilində “Ata Yurdu” adlanan holdinqə 58 şirkət daxildir. Bundan başqa Rusiya, Belarus, Ukrayna və Qazaxıstan bazarlarının topdan satış monopoliyası da sözügedən şirkətə məxsusdur.
Qeyd edək ki, Avropadakı “obşak”ın Şeyx Xəmzətin nəzarətinə verilməsi məsələsi vaxtı ilə “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun keçirdiyi “sxodka”da qəbul olunub. Təsadüfi deyil ki, “Şakro”nun Avropadakı aktivləri-bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada daş-qaş evi, Rusiyada iri neft şirkətinin səhm paketi və digərləri də Şeyxin idarəçiliyindədir. Gündən-günə klanını gücləndirən, fantastik var-dövlətin sahibi olan Qastəmirov bu cəbhədə heç də tək deyil. O, gücünü bir müddət əvvəl Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Bundan başqa İtaliya mafiyasının “boss”larından sayılan və “Dyabolik” ləqəbi ilə ad çıxaran Matteo Messina Denaro və Bernardo Provenzano da “Şeyxi” dəstəkləyənlər sırasındadır.
Onu da qeyd edək ki, son vaxtlar kriminal meydanda mübarizələr təkcə silah yolu ilə aparılmır. Belə ki, rəqib olan cəbhələr mətbuat vasitəsi ilə də bir-birinə təzyiq göstərirlər. Bu məsələdə Rusiya mətbuatı ön plandadır desək, yəqin ki, yanılmarıq. Məsələn, son günlərdə Rusiya mətbuatının yaydığı statistik məlumatda “Lotu Quli” ən varlı “qanuni oğru” göstərilib, “Şeyx Xəmzət”in adı isə bu siyahıda qeyd olunmayıb.
Halbuki Qastəmirov dünyanın ən böyük kazinolarından olan “Caesars Palace”ın 35 faizinin sahibidir. Onun Almaniyada 82 milyon avroya “Hotel Sofitel Munich Bayerpost” otelini aldığı da məlumdur. Hələ bu “Şeyx Xəmzət”in səltənətinin cəmi bir neçə faizidir. Belə olan halda istər-istəməz Rusiya mətbuatının obyektivliyi şübhə doğurur. Hər halda, onu da nəzərə almaq lazımdır ki, indiki məqamda bu tip məsələləri Avropanın şəffaf vergi və ticari mənbəyindən dəqiqləşdirmək elə də çətin deyil. Hətta “qara piar”ı aparanlar üçün “Google”a baxmaq da kifayət edir. Təbii ki, əgər onlara doğru məlumat lazımdırsa…
www.yenicag.az