KTN-nin adı dəyişdirilsin, dəyişdirilməsin? – Təklif
Vahid Məhərrəmov: “Kənd Təsərrüfatı Nazirliyi Aqrar Siyasət Nazirliyi adlandırılsın”
Murtuzəli Hacıyev: “Avropa ölkələrinin əksəriyyətində, kənd təsərrüfatı ilə məşğul olan qurum…”
“Kənd Təsərrüfatı Nazirliyinin adı dəyişdirilib, Aqrar Siyasət Nazirliyi adlandırılsın”. Bu fikirləri Yenicag.az saytına açıqlamasında aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi. O həmçinin, belə qənaətə gəlməsinə aydınlıq gətirdi: “Kənd Təsərrüfatı Nazirliyi qarşısında duran başlıca vəzifə aqrar siyasətin aparılmasıdır. Bu nazirliyin əslində digər funksiyası da ola bilməz. Çünki, buna onun resursu da yoxdur. Nə torpaq, nə maliyyə, nə əmək, su resursları vardır. Bu baxımdan nazirliyin yeganə vəzifə borcu ölkədə aqrar siyasət aparmaqdır. Aqrar siyasət deyəndə isə, bu sahədə irəliləyiş əldə etmək, problemləri aradan qaldırmaq, istehsal münasibətlərini yaxşılaşdırmaq üçün müasir tələblərə cavab verən qanunlar hazırlanıb, Milli Məclisə təqdim edilməlidir. Həmçinin, qurum tərəfindən dövlət proqramları hazırlanıb, qəbul edilməli, hansı sahəyə üstünlük verməklə bağlı prioritetlər müəyyənləşməlidir, onun həyata keçməsinə çalışmalıdır. Nazirlik stimullaşdırıcı tədbirlər də görməli, subsidiyaların verilməsini həyata keçirməlidir. Maliyyə çatışmamazlığı ilə bağlı problemin həlli, maya dəyərinin aşağı salınması, istehsal xərcinin azaldılması hesabına məhsulun istehlakçı üçün asan olması kimi məsələlər də nazirliyin qarşısında duran məsələlərdəndir. Bundan əlavə, nazirlik yerlərdə fermerlərin maarifləndirilməsi istiqamətində də bir sıra işlər görməlidir. Bu baxımdan Azərbaycanda köhnəlmiş ad olan Kənd Təsərrüfatı Nazirliyinin adının dəyişdirilərək, Aqrar Siyasət Nazirliyi kimi adlandırılması daha uyğun olardı”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə saytımıza açıqlamasında ad dəyişikliyinə ehtiyac görmədi: “Avropa ölkələrinin əksəriyyətində, kənd təsərrüfatı ilə məşğul olan qurum məhz Kənd Təsərrüfatı Nazirliyi adlanır. Əvvəllər SSRİ-də Aqrar-sənaye komitəsi olub. Amma kənd təsərrüfatı ilə məşğul olan nazirliyin adı hazırda olduğu kimi qalmalıdır. Onun adının dəyişdirilməsinə lüzum görmürəm”.
Rüfət, Yenicag