Mühacir hökumətinin başçısı Əhməd Zakayev bu barədə sərəncam imzalayıb.
İsveçrədə mühacirətdə yaşayan azərbaycanlı sənədli film rejissoru, tanınmış ictimai-siyasi aktivist Laçın Məmişov Çeçen İçkeriya Respublikasının İsveçrədə nümayəndəsi təyin edilib. 17 avqust 2022-ci il tarixli 045 saylı müvafiq sərəncamı Çeçen İçkeriya Respublikası mühacir hökuməti Nazirlər Kabinetinin sədri Əhməd Zakayev imzalayıb.
Bu barədə Laçın bəy öz facebook səhifəsində yazıb. Həmyerlimizin statusunu oxucularımızın diqqətinə çatdırırıq:
“Beləliklə, bu gündən etibarən Çeçen İçkeriya Respublikasının diplomatik missiyasını yerinə yetirəcəm. Dostlar, bu gün Çeçen İçkeriya Respublikası hökuməti mənə böyük şərəf verdi, göstərilən etimada görə minnətdaram, amma eyni zamanda üzərimə böyük məsuliyyət qoyuldu.
Nazirlər Kabinetinin sərəncamı ilə Çeçen İçkeriya Respublikası hökumətinin İsveçrədə nümayəndəsi təyin edildim. Çox şadam ki, Qafqazın azadlığı uğrunda şər imperiyasına qarşı müqavimətin ön cərgəsindəyəm və bütün azadlıqsevər insanların qəhrəmanları – Cövhər Dudayev, Zəlimxan Yandarbiyev, Aslan Məshadov, Abdul-Halim Sadullayev və Əhməd Zakayevin rəhbərlik etdiyi hökuməti təmsil edirəm.
Eyni zamanda çox xoşbəxtəm ki, Çeçen İçkeriya Respublikasının 42 000 nəfəri 12 yaşına qədər uşaq olmaqla, ümumilikdə 300 000 dinc sakininin qətliilə əlaqədar hərbi cinayətkarların məsuliyyətə cəlb olunması üzrə prosesin iştirakçısıyam. Buna tam əminəm ki, çox tezliklə bu qətliamı törədən hərbi cinayətkarlar Haaqa Beynəlxaq Cinayət Məhkəməsində müttəhimlər kürsüsündə oturacaqlar!”
www.yenicag.az