Lavrov: "ABŞ Rusiyanı qlobal enerji bazarlarından sıxışdırıb çıxarmağa çalışır"
ABŞ gələcək əməkdaşlıq bəyannamələrinə baxmayaraq, Rusiyanı qlobal enerji bazarlarından sıxışdırıb çıxarmağa çalışır.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Alyaska sammitindən bir neçə həftə sonra Tramp administrasiyası gözlənilmədən “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalar elan edib:
“Bundan sonra amerikalıların Hindistandan Rusiya neftini almağı dayandırmasını tələb etdikləri barədə açıqlama yayıldı. Daha sonra Venesueladakı vəziyyət yarandı. Bu yaxınlarda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Venesuelanın neft sənayesində əməliyyatların bərpasına icazə verən, lakin Rusiya, Çin, İran və Şimali Koreyanın iştirakını qadağan edən bir növ sərəncam verdi. Mənim fikrim budur ki, amerikalılar bizə səmimi qəlbdən: “Gəlin Ukrayna məsələsini həll edək və qarşılıqlı faydalı əməkdaşlığa başlayaq”, – desələr də, hazırda bizi qlobal enerji bazarlarından sıxışdırmağa çalışırlar”, – Lavrov qeyd edib.













