“Lavrov Rusiya XİN rəhbəri kimi yox, erməni kimi danışır” – Mübariz Əhmədoğlu
Bu gün Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu 2016-cı ildə dünyada və ölkəmizdə siyasi-ictimai yekunlarla bağlı mətbuat konfransı keçirib.
Yeniçağ.az saytının əməkdaşının verdiyi məlumata görə, M.Əhmədoğlu bildirib ki, ötən il dünyada daha çox ABŞ-Rusiya qarşıdurması ilə yadda qaldı:
“Geosiyasi vəziyyət iqtisadi duruma da mənfi təsir göstərdi. Belə ki, Türkmənistan bir sıra beynəlxalq layihələrdən imtina etdi. O cümlədən, Qazaxıstanda neftlə zəngin Kaşağan yatağı istismara başlansa da, neft çatışmazlığı hiss olundu”.
Politoloqun sözlərinə görə, Azərbaycanın iqtisadi böhranla bağlı atdığı addımlar beynəlxalq qurumlar tərəfindən müsbət qarşılandı:
“Hətta həmişə tənqidlə yanaşanlar Azərbaycanı dəstəklədilər. Azərbaycanın gördüyü işlər artıq öz bəhrəsini verməyə başladı. Hətta 12 strateji yol xəritələri hazırlandı. Belə deyək, iqtisadi geriləmə dayandı. Xüsusi olaraq qeyd edim ki, iqtisadi sıxıntılar olsa da, beynəlxalq siyasət baxımdan daha böyük addımlar atıldı. Türkiyə-Azərbaycan qardaşlığı da yüksək səviyyədə oldu. Eyni fikirləri Rusiya-Azərbaycan münasibətləri baxımından da demək olar. Bu əlaqələrdə yüksək dinamizm özünü göstərdi. 2016-cı ildə bütün xarici siyasət istiqamətində Azərbaycan uğur qazandı. Azərbaycanın xarici siyasətdə gördüyü iş təkcə bölgə ilə bağlı olmadı, həm də Avrasiya geosiyasəti üçün önəmli oldu”.
M.Əhmədoğlu deyib ki, ötən il Ermənistanda vəziyyət mənfiyə doğru inkişaf edib:
“Getdikcə Ermənistanda xarici borc ümumdaxili məhsulu 54% keçib. Bu vəziyyət 2017-ci ildə daha da dərinləşəcək. Ermənistanda mövcud iqtisadi vəziyyəti qaydaya salmaq üçün Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq təklifi edilib. Hətta Lavrov Ermənistanda keçirtdiyi mətbuat konfransında özü bunu dilə gətirdi və dolayısı ilə Qarabağ münaqişəsinin həll edilməsinin vacibliyini dedi. O bunu əslində, Rusiya XİN rəhbəri kimi yox, erməni kimi dedi. Çünki Lavrov özü ermənidir. Eyni zamanda ermənilər terrorizmi dəstəkləyir və ona görə də onlara münasibət fərqli olmalıdır”.
Bəxtiyar
Yenicag.az