Makron Rusiya ilə birbaşa əlaqə kanalı qurmaq qərarına gəlib
Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya ilə birbaşa əlaqə kanalı qurmaq qərarına gəlib.
Yenicag.az xəbər verir ki, Makron bunu Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
“Ukraynada sülhə nail olmaq Avropasız mümkün deyil. Məhz bu səbəbdən mən Ukrayna, avropalı tərəfdaşlarımız və amerikalı müttəfiqlərimiz üçün tam şəffaflıq şəraitində Rusiya ilə birbaşa əlaqə kanalı qurmaq qərarına gəldim”, – o deyib.
Onun sözlərinə görə, Avropa ölkələri həllin bir hissəsi olacaq və müzakirələrin də bir hissəsi olmalıdır:
“Bizim öz Avropa maraqlarımız var və onları qorumaq lazımdır, xüsusilə də qitəmizin gələcək strateji sabitliyi məsələlərində”.
Makron əlavə edib ki, Fransanın tərəfdaşları ilə Avropanın gələcək təhlükəsizlik arxitekturası barədə müzakirələrə başlamaq niyyətindədir.
Fransa Prezidenti həmçinin Qərb tərəfdaşlarını Rusiyanın iqtisadiyyatına təzyiqi gücləndirməyə çağırıb:
“Avropa İttifaqında energetika və maliyyə sektoruna yönəlmiş 20-ci sanksiya paketi hazırlanır və biz “kölgə donanması”nı daha sərt şəkildə izləməyə davam etməliyik”.













