“Ticarət mərkəzi hər bir sahibkarla fərdi müqavilə imzalamalı və sahibkarlara dəyən ziyan hüquqi çərçivədə öz həllini tapmalıdır”.
Bu sözləri son günlər Sədərək və Binə ticarət mərkəzlərinin güclü yağışlardan sonra su basması və sahibkarlara dəymiş ziyanın necə qarşılanacağı məsələsini şərh edərkən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.
O, hələ ki, adı çəkilən ticarət mərkəzləri ilə sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsasının olmadığını və buna görə də sahibkarların dəymiş ziyana görə heç nə tələb edə bilmədiklərini bildirib:
“Bu gün Sədərək və Binə ticarət mərkəzləri nəinki Azərbaycanın, bütövlükdə Qafqazın ən böyük ticarət mərkəzləridir.
Orada həm icarəyə çalışanlardan, həm də vaxtilə mülkiyyətçi kimi hər hansı bir ticarət sahəsini əldə edən şəxslərdən böyük məbləğlərdə icarə haqqı yığılır. Həmin ticarət mərkəzləri ilə orada fəaliyyət göstərən sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsası yoxdur. Yəni həmin ticarət mərkəzlərində hərc-mərclik baş alıb gedir. Həm vergidən yayınma halları, həm də əsassız yığmalar çoxdur. Bu halların baş verməsində məsuliyyət bilavasitə ticarət mərkəzinin öhdəliyinə düşür. Çünki əgər onlar icarə haqqı yığırlarsa, bütün təhlükəsizliyi təmin etməlidirlər ki, sahibkarlar xoşagəlməz hallarla qarşılaşmasınlar. Buna həm yanğın, həm subasma, həm də digər təhlükəsizlik məsələləri daxildir.
Yaxşı olardı ki, münasibətlər hüquqi çərçivədə həll edilsin və hər bir sahibkarla fərdi müqavilə bağlansın. Bundan əlavə hər kəsin öhdəliyi və vəzifəsi müəyyənləşməlidir. Bu cür hallar baş verdikdə sahibkar da o müqaviləyə istinad edərək məhkəmə və ya digər vasitələrlə öz hüquqi haqqını tələb edə bilər. Təəssüflər olsun ki, bu gün o proseslər getmir, sahibkarların da hüququ pozulur və heç nə tələb edə bilmirlər.
Sədərək və Binə ticarət mərkəzlərində digər hüquq pozuntuları da var. Məsələn, elə insanlar var ki, 2009-cu ildən külli miqdarda vəsait verib mağaza alıb. Müqavilələrin çoxunda ticarət sahələrinin özəlləşdirilməsi və həmin mağazaların çıxarışlarının sahibkarlara təqdim ediləcəyi yazılmışdı. Məsələnin üzərindən 14 il keçməsinə baxmayaraq, hələ də bu, baş verməyib”.
Sadiq Cavadov
www.yenicag.az