Mediaya vergi güzəşti uzadıldı: "Arzuolunandır ki, Azərbaycan reklam bazarını liberallaşdırsın"
Xəbər verdiyimiz kimi, Azərbaycanda media subyektləri üçün vergi güzəştlərinin müddəti daha 3 il uzadılıb. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştlərinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı.
Mövzu ilə bağlı Yenicag.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, tanınmış jurnalist Yadigar Məmmədli açıqlama verib.
“Üç il bundan qabaq verilən müddət bitir. Yəni söhbət ondan gedir ki, media quruluşlarına və media qurumlarına onların media fəaliyyəti ilə bağlı əldə etdikləri gəlirlərdən, o cümlədən reklamlardan və dövlətin ayırdığı maliyyə yardımlarından tətbiq olunan vergi güzəştlərindən danışırıq. Onlar vergidən azad olunublar. Bu, çox yaxşı haldır və dövlətin mediaya göstərdiyi xüsusi imkanlardan biridir.
İndi bunun növbəti üç il ərzində uzadılması onu göstərir ki, yeni medianın hələ də dövlət yardımlarına ehtiyacı var. Söhbət vergidə tutulmaların alınmamasından gedir. Bilsinlər ki, ölkədə bütün sahələrdə vergilər toplanır. Hər qiymət növü, xüsusən digər sahələrdə böyük vergi ödəməli məbləğlər toplanır. Bu güzəştin mediaya tətbiqi müsbət haldır və təqdirəlayiqdir.
Amma bir tərəfi də var ki, bu, Azərbaycanda medianın vəziyyətinin heç də ürək açan olmadığını göstərir. Əslində, bu müddət ərzində media daha güclü və inkişaf etmiş olmalı, dövlətin göstərdiyi imtiyazlara ehtiyacı olmamalı idi. Amma zaman göstərir ki, üç il keçməsinə baxmayaraq, medianın gəlirlərindən əldə etdiyi reklam xərclərini ödəməyə hələ kifayət etmir.
Dövlətin ayırdığı məbləğ və Media Agentliyi vasitəsilə media qurumlarına çatdırılan maliyyə növbəti üç il ərzində də tətbiq olunacaq. Dünyanın bir çox ölkələrində dövlət medianın inkişafına maliyyə ayırır. Bəzi ölkələrdə rəqabət yaratmaq üçün daha çox aşağı səviyyədə olan qurumlara pul ayrılır ki, onlar batmasın. Bu, yeni və təqdirəlayiq hadisədir və söz-söhbət yaratmamalıdır.
Çox təəssüf ki, Azərbaycanda reklam bazarı geniş deyil. Medianın – həm print, həm də onlayn – əldə etdiyi reklam gəlirləri xərclərinin ödənməsinə hələ kifayət etmir. Arzuolunandır ki, Azərbaycan reklam bazarını liberallaşdırsın və liberallaşdığı təqdirdə, bazar daha da inkişaf etsin. Biz də bunu növbəti zamanlarda gözləyirik”, – deyə o bildirib
Nəsimi Ələsgərli












