Bakıda Türkiyə – Azərbaycan Türk Filmləri Günləri başlayır
Sentyabrın 26-dan 30-dək paytaxt Bakıda 8-ci Türkiyə – Azərbaycan Türk Filmləri Günləri keçiriləcək. Tədbir 26 sentyabr saat 19:00-da Nizami Kino Mərkəzində qırmızı xalça mərasimi və qala gecəsi ilə açılacaq.
Bu ilki filmlər günlərinin fəxri qonağı Türkiyənin tanınmış kino aktrisası, Yeşilçamın ulduzu və Türkiyə Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olacaq. İlk dəfə Azərbaycana gələcək sənətkar qala mərasimində tamaşaçılarla görüşəcək. Açılışda Hülya Koçyiğitin baş rolunu ifa etdiyi məşhur “Gəlin” filmi nümayiş olunacaq.
Qala gecəsinə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov qatılacaq. Həmçinin “Rafadan Tayfa”nın prodüseri İsmayıl Fidan, “Şımarık” filminin prodüseri Karina Mia Satlıkova və “Aşk Bağları” filminin prodüseri Qalip Güner də Bakıda kinosevərlərlə görüşəcəklər.
Filmlər günləri Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kinematoqrafiya Agentliyi, eləcə də Bakıda Türkiyə səfirliyinin dəstəyi ilə, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə reallaşır. Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.
Qeyd edək ki, filmlərin nümayişi ödənişsiz olacaq və tamaşaçılar 5 gün ərzində Türk kinematoqrafiyasının seçilmiş nümunələrini izləmək imkanı əldə edəcəklər.