Tənzilə Rüstəmxanlıya “Qızıl Alma Üstün Xidmət” mükafatı təqdim olundu – VİDEO
Türk dünyasının ən nüfuzlu mükafatlarından sayılan “Qızıl Alma” Türk Dünyası Üstün Xidmət Mükafatları”nın builki laureatları arasında Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı da yer alıb.
Yenicag.az xəbər verir ki, mükafat mərasimi 20 sentyabrda Ankaranın tarixi Ulucanlar Həbsxanası Muzeyində keçirilib.
“Qızıl Alma” Qadın, Uşaq, Gənclik, Mədəniyyət, İncəsənət, Ədəbiyyat və Təhsil Dərnəyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Qaqauziya, Kosovo, Şərqi Türküstan və İraqdan gələn ziyalılar, siyasətçilər və sənət adamları mükafatlandırılıblar.
Mərasimin açılışında çıxış edən dərnək sədri Dr. Yasemin Meydan vurğulayıb ki, “Qızıl Alma” sadəcə bir simvol deyil, türk dünyasının ortaq idealları və gələcəyə işıq tutan yoludur:
“Qadınlarımız türk mədəniyyətinin daşıyıcısı, gənclərimiz elmdə və sənətdə gələcəyin qurucusu, uşaqlarımız isə sabahımızın təminatıdır”, – deyə o, bildirib.
Qeyd edək ki, Mədəniyyət və Elm Qurumu tərəfindən 75 namizəd arasından seçilən 24 şəxsdən 21-i bu il “Qızıl Alma” mükafatına layiq görülüb.
Yenicag.az