Mehriban Əliyevanın yeni missiyası: Yumşaq gücün arxasındakı strategiya
Azərbaycanda son illərdə formalaşan rəqəmsal inkişaf xətti artıq təkcə texnoloji yenilənmə deyil, həm də milli təhlükəsizliyin əsas sütunlarından birinə çevrilib.
Bu kontekstdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Rəqəmsal İnkişaf Şurası strateji baxımdan mühüm addım kimi qiymətləndirilir. Şuranın rəhbərliyinə Birinci vitse-prezident Mehriban Əliyevanın gətirilməsi isə bu kursun nə qədər ciddi və düşünülmüş olduğunu göstərir.
Dövlətin kritik məqamlarında…
Mehriban Əliyevanın fəaliyyəti illərdir, yalnız sosial və humanitar sahələrlə məhdudlaşmır. O, dəfələrlə dövlət üçün həssas və kritik məqamlarda ön plana çıxaraq çevik və effektiv qərarların icrasında Prezidentin ən yaxın iş yoldaşı kimi iştirak edib. İstər pandemiya dövründə sosial həssas qrupların qorunması, istərsə də beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin müdafiəsi – bütün bu məqamlar onun idarəçilik bacarığını açıq şəkildə nümayiş etdirib.
Yeni yaradılan şuraya rəhbərlik etməsi isə göstərir ki, dövlət artıq rəqəmsal təhlükəsizliyi də eyni səviyyədə prioritet hesab edir və bu sahəni etibarlı əllərə həvalə edir.
Prezidentin ən yaxın silahdaşı və etimad ünvanı
Mehriban Əliyeva yalnız rəsmi statusuna görə deyil, həm də Prezident İlham Əliyevin ən yaxın və etibarlı silahdaşlarından biri kimi seçilir. Onların tandem şəklində fəaliyyəti Azərbaycan dövlət idarəçiliyində koordinasiyanın və sabitliyin əsas təminatlarından biridir.
Bu harmoniya təkcə siyasi qərarlarda deyil, ictimaiyyət qarşısında sərgilənən səmimi münasibətlərdə də özünü göstərir. Prezidentin və Birinci vitse-prezidentin vətəndaşlarla görüşlərdə nümayiş etdirdiyi isti münasibət, zarafatlar və sadə ünsiyyət tərzi dövlətin humanist simasını ön plana çıxarır.
Humanizm və liderlik: dövlətin yumşaq gücü
Prezident İlham Əliyevin humanist yanaşması uzun müddətdir, dövlət siyasətinin əsas xəttlərindən biridir. Bu xətt Mehriban Əliyevanın fəaliyyətində daha da güclənir. Onun rəhbərliyi altında həyata keçirilən sosial layihələr, mədəni təşəbbüslər və humanitar addımlar Azərbaycan dövlətinin “yumşaq güc”ünü formalaşdırır.
Son günlərdə Prezidentin vətəndaşlarla görüşündə Mehriban Əliyeva ilə zarafatlaşması, eləcə də onu şəkil çəkdirmək üçün yanına olduqca səmimi və özünəməxsus şəkildə çağırması kimi epizodlar cəmiyyətdə müsbət rezonans doğurur. Bu görüntülər dövlət rəhbərliyinin xalqa yaxınlığını və səmimiyyətini bir daha nümayiş etdirir.
Xarici təzyiqlərə qarşı qəti mövqe
Mehriban Əliyevanın çıxışlarında diqqət çəkən əsas məqamlardan biri də xaricdən yönələn informasiya təzyiqlərinə qarşı sərgilədiyi qəti və aydın mövqedir. Xüsusilə bəzi xarici bloqerlərin və informasiya platformalarının manipulyativ iddialarına verdiyi lakonik, amma təsirli cavablar geniş rezonans doğurub.
Onun bu mövqeyi bir daha göstərir ki, Azərbaycan informasiya məkanında da artıq müdafiə yox, hücum strategiyası ilə çıxış edir. Bu isə rəqəmsal müstəqillik və informasiya təhlükəsizliyi baxımından olduqca vacibdir.
Bu kontekstdə Mehriban Əliyevanın yeni missiyası strateji əhəmiyyət daşıyır. Onun idarəçilik təcrübəsi, siyasi çevikliyi və humanitar baxışı bu sahədə balanslı və effektiv modelin formalaşmasına imkan verəcək.
Nəticə etibarilə bu təyinat təkcə kadr seçimi deyil, həm də Azərbaycanın gələcək inkişaf modelinin konturlarını müəyyən edən mühüm siyasi qərardır.
Aqil Ələsgər













