"Meksikada baş verənlər lokal xarakter daşımayacaq, qarşıdurmalar genişlənəcək" – ŞƏRH

media-hightechnic-468x90

“Meksikada baş verənlərin yalnız lokal təsir ilə məhdudlaşmayacağı, qarşıdurmaların genişlənmə riski olduğu açıqdır”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-47-1771495580

O, kartel liderinin öldürülməsi nəticəsində Meksikada yaşanan gərginlik və kəşfiyyat məlumatlarının ABŞ tərəfindən verilməsi ilə bağlı yayılan xəbərlər fonunda hadisələrin miqyasının böyüməsi ehtimalından danışıb.

Politoloq bildirib ki, ABŞ və Meksika arasındakı gərginlik həqiqətən də tarixi pik həddinə çatıb:

“‘Jalisco Yeni Nəsil Karteli’nin lideri, “El Menço” ləqəbi ilə tanınan Nemesio Osegera Servantesin öldürülməsi xəbərindən dərhal sonra ölkənin bəzi bölgələrində zorakılıq dalğası müşahidə olunur. Puerto Vallarta və Qvadalaxara kimi turizm və iqtisadi mərkəzlərdə yol blokadaları, şəhər küçələrində silahlı qarşıdurmalar baş verib, məktəblər müvəqqəti bağlanıb və vətəndaşlara evdə qalmaqla bağlı çağırışlar edilib. Bu, Meksika hökuməti üçün ciddi daxili təhlükəsizlik çağırışıdır və təbii olaraq həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.

Bu əməliyyat ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirilib ki, bu da həm Meksika hökuməti üçün strateji üstünlük, həm də diplomatik həssaslıq yaradır. ABŞ tərəfi kartellərə qarşı sərt tədbirlərin zəruriliyini vurğulayır və sərhəd təhlükəsizliyini gücləndirmək üçün addımlar atır. Meksika hökuməti isə suverenlik prinsipini ön plana çıxararaq xarici müdaxiləyə həssas yanaşır. Bu balansın qorunması həm daxili siyasi narazılıqları, həm də iki ölkə arasında etimad boşluqlarını artırır.

Baş verənlərin hansı proseslərə səbəb ola biləcəyinə gəldikdə isə ilk olaraq onu deyək ki, liderin öldürülməsi kartel daxilində güc boşluğu yaradıb və bu, qarşıdurmaların daha da artmasına səbəb ola bilər. Karteldaxili ixtilaflar və digər əlaqəli qrupların güc manevrləri ölkənin müxtəlif bölgələrinə yayıla bilər. Nəticədə kiçik silahlı qruplar formalaşa, digər kartellər sərhəd və narkotik marşrutlarında hərəkətlənə bilər ki, bu da zorakılığın ölkə daxilində daha geniş miqyas almasına yol açar.

Bundan əlavə, ABŞ sərhədində təhlükəsizlik məsələləri daha da mürəkkəbləşir. Kartellərin zorakılığı sərhəd bölgələrinə sıçrayaraq miqrasiya və narkotik nəzarətini çətinləşdirə, ABŞ-ın cənub sərhədində əlavə tədbirlər görməsinə səbəb ola bilər. Bu proses yalnız Meksika üçün deyil, bütün Latın Amerikası ölkələri üçün narkotik marşrutlarının yenidən formalaşması və region təhlükəsizliyinin pozulması kimi risklər yaradır.

Uzunmüddətli perspektivdə isə həm kartelin daxilində, həm də digər qruplar arasında qarşıdurmalar uzun müddət davam edə bilər. Hazırda ABŞ və Meksika üçün koordinasiyalı və strateji planın hazırlanması olduqca vacibdir. Əks halda zorakılıq dalğası sərhədi keçərək genişlənə və ölkənin digər bölgələrini də təsir altına ala bilər.

Hazırkı vəziyyət həm daxili, həm də regional miqyasda ciddi nəticələr doğura bilər. Yəni daxili zorakılıq və qarşıdurmaların artması, iqtisadi və sosial zərər, regional təhlükəsizlikdə gərginliyin yüksəlməsi, ABŞ-Meksika münasibətlərində yeni problemlər və kartellərin struktur dəyişiklikləri qaçılmazdır. Bu səbəbdən Meksikada baş verənlərin yalnız lokal təsir ilə məhdudlaşmayacağı, qarşıdurmaların genişlənmə riski olduğu açıqdır.

Odur ki, Meksikada baş verənlər yalnız milli təhlükəsizlik məsələsi deyil, həm də regional stabillik və ABŞ-Meksika diplomatik münasibətlərinə bir sınaq kimi qiymətləndirilməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05