Şagirdin Bakı şəhər 282 saylı məktəbə bıçaqla gəlməsi, məktəb yoldaşlarını, qızları hədələməsi, söyüş söyməsi…
7-ci sinifdə oxuyan bir şagirdin belə kriminal davranış sərgiləməsinin kökündə nə dayanır? Hələ bu da azmış kimi, həmin şagirdin anasının məktəbə gələrək müəllimlərə hücum edib onlara qarğış yağdırması…
Bu, əslində, ciddi siqnaldır. Onun siqnalıdır ki, məktəblərdə psixoloji dəstək məsələsi tam mənası ilə yerinə yetirilmir.
Şagirddə müşahidə edilən davranış pozğunluqları sinif rəhbəri tərəfindən təyin edildikdən sonra məktəb psixoloquna məlumat verilməli və həmin şagirdlə psixoloji söhbətlər aparılmalıdır. Ancaq məktəblərdə psixoloq probleminin mövcudluğu bunun nə dərəcədə real olmasını sual altına alır. Məktəb yalnız təhsil ocağı olmadığından, həm də təlim-tərbiyə prosesini həyata keçirdiyindən şagirdlərin xarici təsirlərə qarşı dözümlülüklərinin artırılması məsələsində çox böyük önəm kəsb edir.
Bu mənada, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı yaydığı açıqlama diqqət çəkir. Açıqlamanın birinci hissəsində məktəbdə hər şeyin yüksək səviyyədə təşkil olunduğu, mücərrəd “müvafiq” tədbirlərin həyata keçirildiyi qeyd edilir, “zəruri maarifləndirmə işləri”nin aparıldığı vurğulanır.
Qurumun açıqlamasının ikinci tərəfi isə başdan-ayağa ittihamdır. Belə ki, BŞTİ şagird və anasını psixoloji problemi olmaqda ittiham edir. Cümləyə fikir verin: “Şagirdin anası da psixoloji cəhətdən qüsurludur” və ya “Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir”.
Bəli, şagirdin davranışı, anasının məktəbə hücum edərək müəllimlərə təhqirlər yağdırması yanlışdır və qınanmalı, hətta bununla bağlı hüquqi tədbirlər görülməlidir. Lakin BŞTİ-nin hökm formasında ana və övladının psixoloji problemləri olduğunu irəli sürməsi, həmin şagirdin adi sinifdə təhsil almasının təhlükəli olduğunu vurğulaması qəbuledilməzdir, doğru deyil. BŞTİ nə zamandan bəri psixoloji diaqnostika mərkəzi olub?
Bir daha vurğulamağı özümə borc bilirəm ki, məktəblərdə psixoloji xidmət yüksəldilməlidir. Yoxsa adı olub özünün varlığı görünməyən psixoloqlarla bu iş çox da uzağa getməyəcək. Şagirdlərin ailədaxili və ya sosial problemlərə reaksiyalarına qarşı onları danlamaq çıxış yolu deyil. Hər bir şagirdə fərdi yanaşılmalı, onların problemlərinin həll edilməsi istiqamətində işlər görülməlidir.
***
Sırf bir hadisəyə nəzərən yox, geniş prizmadan baxdıqda uşaqlara kiçik yaşlarından etibarən smartfonların verilməsi, heç bir uşaq qoruyucu xidmətindən istifadə edilməməsi, onların şiddət temalı oyunlar oynayıb, film izləmələrinin mənfi nəticələrini müşahidə edirik. Bütün bunlar da uşaqlarda şiddətə meyllilik yardır. Bu meyllilik özünü ilk olaraq oyunlarda biruzə versə də, onun müəyyən müddətdən sonra şəxslərə yönəldiyini görürük. Buna görə də valideynlər daha diqqətli olmalı, övladlarını virtual aləmin təsirindən qorumalı, onlara daha çox vaxt ayırmalıdırlar.
Yetişən gəncliyin mafioz filmlərin təsirində olması, zorakılığı sevməsi heç də yaxşı gələcək vəd etmir. Odur ki, məktəb və valideynlər birlikdə ən yaxşını bacarmağı qarşılarına məqsəd qoymalı və bunun öhdəsindən layiqincə gəlmək üçün addımlar müəyyənləşdirməlidirlər.
Gələcəyimizi əmanət edəcəyimiz uşaqların hərtərəfli inkişafının təmin edilməsi bütün istəklərdən üstün olmalıdır.
www.yenicag.az