“Məktəblərdə dini dərslərin keçirilməsi gündəmdə deyil”
Təhsil naziri Mikayıl Cabbarov şagirdlərin sinifdən-sinfə keçirilməsi ilə bağlı imzalanan yeni əmrə münasibət bildirib.
Nazir jurnalisltərə açıqlamasında qeyd edib ki, burada bir məqsəd var, bu da təhsilin keyfiyyətinin təmin olunmasıdır:
“Bu məqamda məntiq çox sadədir. Qərara əsasən bir sıra fənlər üzrə qeyri-kafi qiymət alan şagirdlərin növbəti sinfə keçirilməsi məqsədəuyğun hesab edilmir. Fərz edin ki, əgər şagird 8-ci sinif proqramını mənimsəmirsə, onun 9-cu sinifdə uğurla təhsil alması təbii olaraq suallar doğurur. Formallıq hesabına şagirdi sinfdən sinfə keçirməklə biz nə şagirdə, nə təhsil sisteminə, nə də nəticə etibarilə vətəndaş kimi həyatda yer tapmasına xidmət edirik”.
Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə 9-11-ci siniflərdə istər attestatların, istərsə də şəhadətnamələrin verilməsi təmin olunur: “Bu nöqteyi-nəzərdən liberal yanaşmanın tərəfdarıyıq. Bu təbii olaraq təhsilin keyfiyyətinin azaldılması hesabına həyata keçirilə bilməz. Təhsil sistemi keyfiyyətli təhsil verməyə xidmət etməlidir. Qərarın arxasında duran fəlsəfə də budur”.
Mikayıl Cabbarov eyni zamanda məktəblərdə dini dərslərinin keçirilməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ gündəmdə deyil(qafqazinfo.az).