Bu gün Bakı Tikiş Evinin qarşısında məktəbli forması ilə bağlı izdiham yaşandığını əks etdirən videogörüntülər yayılıb. Valideynlər forma tapmaqda çətinlik yaşadıqlarını bildiriblər. Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bu vəziyyətlə bağlı bildirib ki, məktəbli formaları ilə bağlı nazirlik hər hansı şirkətlə əməkdaşlıq etmir və bu işlə özəl müəssisələr məşğul olurlar.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün məktəbli formaları ilə bağlı yaşanan ajiotaj biabırçılıqdır:
“Bu vəziyyətin qarşısını almağın yeganə yolu məktəbli formalarının satışının bir deyil, bir neçə məntəqədə təmin olunmasıdır. Eyni zamanda, hər bir məntəqədə qiymət eyni olmalıdır. Bu gün məktəbli formasının şagirdlər tərəfindən geyinilməsi məcburi şəkildə tələb olunmur. Bu, könüllülük prinsipi əsasındadır. Lakin yenə də tələb varsa, satış bir neçə məntəqədə həyata keçirilməlidir. Həmçinin qiymətlər elə təyin olunmalıdır ki, hər bir valideyn övladı üçün məktəbli geyimi ala bilsin. Əgər məktəbli geyimlərinin satışı fərqli qiymətlərlə tənzimlənəcəksə, bu, yolverilməz haldır.
Elm və Təhsil Nazirliyi hər hansı şirkətlə əməkdaşlıq etmədiyini açıqlaya bilər. Çünki nazirlik sadəcə məktəbli formasının olmasını istəyir. Nazirlik sadəcə məktəbli formasının olmasını tələb edirsə, burada ya məktəb rəhbərlikləri tekstil fabriki və ya digər şirkətlərlə əməkdaşlıq edə bilər, ya da hansısa məsul şəxs prosesdə iştirak etməlidir. Nəticədə insanlar pandemiya dövrünün hələ də davam etdiyi bir vaxtda kütləvi cəmləşməzlər. Bu mənzərə heç də ürəkaçan deyil. Elm və Təhsil Nazirliyi, eyni zamanda, müvafiq aidiyyəti qurumlar bu vəziyyəti nəzərə almalıdır. Bu gün Azərbaycan təhsil müəssisəsində 1 milyon 900 minə yaxın şagird təhsil alır və hər birindən məktəbli forması tələb olunur. Bu halda, yaranan sıxlığın olacağı öncədən proqnozlaşdırılmalı və buna uyğun addım atılmalı idi”.
Gülşən Şərif
www.yenicag.az