“Mənim ilk addımım” layihəsinin növbəti təlimi keçirildi – FOTOLAR
Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi “Mənim ilk addımım” layihəsinin növbəti təlimi baş tutub.
Yenicag.az xəbər verir ki, “Mənim ilk addımım” fərdi layihəsi Zeynəb Soltanovaya məxsusdur.
Layihənin ilk təliminin 2-ci günü də Bakı şəhərində Məmməd Rahim adına 7 nömrəli orta məktəbdə baş tutub.
Layihə rəhbəri ilk layihəsi haqqında yenə ətraflı məlumat verib və layihəyə dəstəyə görə Azərbaycan Gənclər Fonduna və rəhbərliyinə minnətdarlığını bildirib.
Layihə peşəyönümü probleminin həlli, həmçinin işçi qüvvəsinin formalaşdırılmasına, gənclərin peşəyönümü sahəsində səhvləri sonrakı həyatlarında mənfi fəsadlara səbəb olmamasına kömək məqsədilə həyata keçirilir.İlk dəfə əmək fəaliyyətinə başlayacaq gənclər üçün təlimlər nəzərdə tutulur.
Layihə çərçivəsində 2 təlim keçirilib və 100-ə yaxın məktəbli təlimlərə cəlb olunub. Təlimdə 50-dən çox məktəbli könüllü şəkildə müraciət edərək iştirak edib.
Layihənin təlimçiləri “GSM – Gənclərin Sosial tərəfdaşlığı Mərkəzi”nin sədri, psixoloq Fidan Ağayeva və Hikmət Qaffarovdur.
Daha sonra layihədə qonaq qismində iştirak edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Vətən Müharibəsi iştirakçısı Pərviz Məmmədzadə çıxış edərək layihə rəhbərinə və iştirakçılara uğurlar arzulayıb. O qeyd edib ki, bu cür layihələrin məktəblərdə, xüsusilə də bu məktəbdə keçirilməsi onu sevindirir. Çünki onun iki övladı bu məktəbdə təhsil alır və bu tip layihəyə onların da cəlb olunması onu həm bir vətəndaş cəmiyyətinin nümayəndəsi və qazi, həm də bir ata kimi sevindirir.
Çıxışının sonunda P.Məmmədzadə layihəyə və gözəl təşkilatçılığa görə layihə rəhbərinə, layihəyə dəstəyə görə Gənclər Fonduna və 7 nömrəli məktəbin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra təlimçilər şagirdlərə eyni məzmunlu təlimlərini keçib. Təlim məktəblilər tərəfindən çox maraqla qarşılanıb. Sonda təlim iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib. Daha sonra məktəblilər çay süfrəsinə qonaq edilib.












