“Meriya icazə versə də, qurultayı keçirməyəcəyik”
Müsavat Partiyası iyunun 28-də qurultay keçirmək üçün növbəti dəfə Bakı meriyasına müraciət edib.
Bakı Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov Hafta.az-a açıqlamasında bildirib ki, “Müsavat”ın qurultay üçün müraciətinə cavab hazır deyil:
“Cavabın nə vaxt hazır olacağı isə bəlli deyil. Müraciətə baxılır, qərar verildikdə məlumat veriləcək”.
Müsavat Partiyası Təşkilat Komitəsinin üzvü Tural Abbaslı Hafta.az-a açıqlamasında bildirib ki, qurultayla bağlı son günlər müzakirə aparılmayıb:
“Bu günlərdə təşkilat komitəsinin iclası keçirilməyib. Buna görə də məsələ müzakirə olunmayıb. Amma burada açıq-aydın, müzakirəyə ehtiyacı olmayan bir məsələ var ki, qurultayın keçirilməsi üçün bizə 4 həftə öncədən cavab verilməli idi. Bakı Şəhər İcra Hakimiyyəti bu gün icazə versə də, biz qurultayı keçirə bilməyəcəyik. Meriyanın cavabından asılı olmayaraq qurultay təxirə düşəcək”.
T.Abbaslı deyib ki, növbəti addımlar haqda meriyanın cavabından sonra müzakirələr aparılacaq: “Bundan sonrakı addımlar barədə təşkilat komitəsinin iclasında müzakirələr aparılacaq. Bu iclasın nə vaxt keçirilməsinə də gələn həftə divanda qərar veriləcək. Yəni iclas 2 həftə sonra olacaq. O vaxta kimi də meriya da qərarını açıqlayar. Biz də bunu da nəzərə alıb, ona uyğun qərarlar verək”.