Metro ticarətçiləri BŞİH-lə razılaşmadı
Əməkdaşımızın verdiyi xəbərə görə, narazı metro ticarətçiləri ilə BŞİH rəhbərliyi arasında keçirilən görüş nəticəsiz və uğursuz qalıb.
Bu barədə şikayətçilərin nümayəndələri müxbirimizə danışıblar. Onların dediyinə görə, ticarətçilər BŞİH-dən bir il vaxt istəyiblər. Onlar bu tələblərinə əsas olaraq göstəriblər ki, əksəriyyətinin banklara külli miqdarda borcu var və bu borcları bağlamaq üçün uzun müddət işləməlidirlər. Ancaq BŞİH rəhbərliyi bununla razılaşmayıb və ticarətçilərə müxtəlif ticarət mərkəzlərində yerlə təmin olunacaqları barədə vəd verib. Ticarətçilər isə həmin yerlərin ucqar olduğunu, orada işləməklə pul qazana bilməyəcəklərini deyiblər. Görüşdə gərginlik yaranıb və Hacıbala Abutalıbov danışıqları yarımçıq tərk edib.
Bununla belə, razılıq əldə olunub ki, gələn həftənin birinci günü ticarətçilər və BŞİH rəhbərliyi yenidən görüşsünlər.