“Metroda gedişhaqqı bahalaşa bilər, amma bunun yaxın gələcəkdə baş verəcəyi gözlənilmir”.
Bunu bugündən etibarən metroda sərnişindaşıma fəaliyyətinin bərpası və tələbatın artması fonunda gedişhaqqının artacağı ilə bağlı yayılan məlumatları dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.
Nəqliyyat ekspertinə görə, uzun müddətdən sonra metronun fəaliyyətə başlamasına baxmayaraq, heç bir halda gedişhaqqı artımına səbəb ola bilməz:
“Statistikaya nəzər salsaq, paytaxta yaşayan əhalinin sayında ani sıçrayış baş verməyib və artım yoxdur. Bu baxımdan tələbatın gözlənilən artıq olacağı real görünmür. Düzdür, pandemiya dövrü nəticəsində nəqliyyat sahəsində ciddi ləngiləmələr müşahidə olunub. Bu, metroda sərnişindaşımaya da təsir edib. Lakin ümumilikdə gedişhaqqının bahalaşması və bu fonda cəmiyyətdə narazılığın yaranacağı başadüşüləndir.
Müstəqillik dövründən başlayaraq Bakı metrosunda gedişhaqqı bir neçə dəfə artıb. Bu qiymət artımı Metropolitenin özünü maddi təmin edə bilməməsi fonunda baş verib. Lakin mövcud vəziyyətdə pandemiya dövrü ilə əlaqədar metro işləməsə də, yeni metrostansiyalarının açılması və ya bərpası həyata keçirilib. Paytaxt sakinləri üçün sərfəli olan və vaxt itkisinə səbəb olmayan metroda qiymətin sərnişinlərin maddi vəziyyətinə uyğun təmin edilməsi olduqca vacibdir”.
Gülşən Şərif
www.yenicag.az