!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Məclisin nümayəndə heyətinin Özbəkistana rəsmi səfəri uğurlu oldu” – Sahibə Qafarova

!Reklam – Yazi

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 05 aprel tarixli iclasında çıxış edib.

Yenicag.az Milli Məclis sədrinin çıxışını təqdim edir:

“Bildiyiniz kimi, mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyətləri son günlərdə 1 işgüzar və 1 rəsmi  səfərdə olmuşdur. İclasa başlamazdan öncə mən bu səfərlər barədə məlumatı sizinlə bölüşmək istəyirəm.

Martın 28-29-da Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərdə məqsəd MDB-nin Parlamentlərarası Assambleyasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək idi.

Martın 29-da mən Assambleyanın 30 illiyinə həsr olunmuş təntənəli iclasda çıxış etdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuduqdan sonra  mövzu ilə bağlı fikirlərimi bölüşdüm.

Nəzərə çatdırdım ki, MDB Parlamentlərarası Assambleya siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvidir.

Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar barədə də məlumat verdim. Bildirdim ki, postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün perspektivlər yaranmışdır. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın bəndlərini xatırlatdım.

Bildirdim ki, Azərbaycan Bəyanat çərçivəsində öhdəliklərinə sadiqdir və Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməli və münasibətlərin normallaşmasına çalışmalıdır. Xatırlatdım ki, biz Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan hələ də cavab gözləyirik.

Hörmətli həmkarlar!

Məndən sonra çıxış edən Ermənistan parlamenti spikerinin Azərbaycana qarşı irəli sürdüyü, xüsusən,  atəşkəs rejiminin pozulması barədə iddialara cavab olaraq dövlətimizin haqlı mövqeyini  bütün iştirakçıların nəzərinə çatdırdım. Bildirdim ki, Üçtərəfli Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tamamilə çıxarılmalıdır.

Bunu da qeyd etdim ki, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Diqqətə çatdırdım ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil vermişdir. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbi birləşmələrinin iştirakçıları Cenevrə konvensiyasına uyğun olaraq hərbi əsir deyildirlər.

Bir daha bəyan etdim ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərmişdir və qarşı tərəfdən cavab gözləyir.

Hörmətli həmkarlar!

Qazaxıstana işgüzar səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli təmaslar da oldu. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko və Qazaxıstan Parlamenti Senatının sədri cənab Maulen Aşımbayev ilə görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Hörmətli həmkarlar!

Milli Məclisin nümayəndə heyəti, qeyd etdiyim kimi, martın 31-dən aprelin       2-dək Özbəkistan Respublikasında rəsmi səfərdə oldu. Bildiyiniz kimi, Özbəkistan

Mərkəzi Asiyada mühüm geosiyasi mövqe tutan bir dövlətdir. Ərazisi təqribən 449 min kvadrat-kilometr, əhalisi isə 34 milyon nəfərə yaxındır.

Qeyd edim ki, Azərbaycanla Özbəkistan arasında ortaq tarixi köklərə, dini və mənəvi dəyərlərə, dil birliyinə əsaslanan dərin dostluq əlaqələri vardır. Özbəkistanla ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin önəmli bir istiqamətini təşkil edir.

Özbəkistana rəsmi səfər çərçivəsində bizim ilk görüşümüz aprelin 1-də ölkənin Ali Məclisinin Senatının sədri xanım Tənzilə Narbayeva ilə oldu. Aparılan söhbət zamanı dost ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edildi, ikitərəfli əlaqələrin dərinləşməsində    parlamentlərin rolu vurğulandı.

Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyi, parlament üzvlərinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinin mövqeyini dəstəklədiyi qeyd olundu. Yüksək səviyyəli siyasi dialoqun digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsir göstərdiyi bildirildi.

Elə həmin gün Milli Məclisin sədri kimi mən və Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva tərəfindən Azərbaycan və Özbəkistanın qanunvericilik orqanları arasında əməkdaşlıq haqqında sazişin və 2022-ci il üçün “Yol xəritəsi”nin imzalanması mərasimi keçirildi.

Hörmətli həmkarlar!

Həmin gün digər bir görüşümüz Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri cənab Nurdinjon İsmoilov ilə oldu. Görüşdə razılıqla qeyd edildi ki, Azərbaycanla Özbəkistan arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq dinamik inkişaf edir.

Bildirildi ki, imzalanmış dövlətlərarası sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edildi. Bu sahədə müntəzəm dialoq aparılmasının vacib olduğu vurğulandı.

Hörmətli həmkarlar!

Aprelin 1-də mən Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev ilə görüşdüm. Görüşdə dövlətlərimiz müstəqillik qazandıqdan sonra ikitərəfli münasibətlərimizin daha da inkişaf etdiyi, son illərdə bu sahədə böyük uğurlar əldə edildiyi qeyd olundu.

Bildirildi ki, Azərbaycanın və Özbəkistanın dövlət başçıları arasında yüksək səviyyəli əlaqələr dinamik, səmərəli və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafında mühüm rol oynayır. Qarşılıqlı fəaliyyətin bütün sahələrində – iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və sosial sahələrdə nəzərəçarpan irəliləyiş əldə olunmuşdur.

İkitərəfli münasibətlərin inkişafında parlamentlərin müsbət rolu vurğulandı. Bildirildi ki, qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün qanunvericilik orqanları arasında sistemli və müntəzəm əməkdaşlığı daha da gücləndirmək lazımdır. Parlament üzvləri “xalq diplomatiyasının” təşviqində, iqtisadi və humanitar layihələrin dəstəklənməsində əsas rol oynamalıdırlar.

Görüşdə bir sıra digər məsələlər barəsində də fikir mübadiləsi aparıldı.

Hörmətli həmkarlar!

Xarici ölkələrə səfərlərdə həmişə olduğu kimi, bu dəfə də həm Özbəkistanın dövlət başçısı, həm də parlamentin hər iki palatasının rəhbərləri ilə keçirilən görüşlərdə həmsöhbətlərimizə  Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər, regionda yaranmış yeni şərait və imkanlar barədə ətraflı məlumat verildi.

Bu görüşlərdə də bildirildi ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin etmişdir.

Bir daha qeyd edildi ki, Qarabağ münaqişəsi artıq tarixə çevrilmişdir. Hazırda Azərbaycan işğal dövründə Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərdə  bərpa-quruculuq işləri həyata keçirir.

Özbəkistanın hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləməsindən razılıq ifadə edildi. Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə Özbəkistana minnətdarlığımızı çatdırdıq.

Hörmətli həmkarlar!

Özbəkistana rəsmi səfər çərçivəsində bir sıra digər tədbirlər də keçirildi.

Aprelin 1-də nümayəndə heyətimiz   Azərbaycanın Özbəkistandakı Səfirliyini ziyarət etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüldü. Elə həmin gün Milli Məclisin nümayəndə heyəti Yeni Özbəkistan Parkında Müstəqillik abidəsini ziyarət etdi. Abidənin önünə əklil qoyuldu.

Ertəsi gün, yəni aprelin 2-də parlament nümayəndə heyəti Heydər Əliyev adına Mədəniyyət Mərkəzində oldu. Ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyuldu.

Nümayəndə heyətinin üzvləri Mərkəzdə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, Azərbaycanla Özbəkistan arasında münasibətlərə dair eksponatlar ilə tanış oldular.

Azərbaycan parlamentinin nümayəndə heyəti Daşkənd şəhərində fəaliyyət göstərən Prezident məktəbini ziyarət etdi. Məktəbə xatirə hədiyyəsi və kitablar təqdim olundu.

Nümayəndə heyəti həmçinin Həzrəti İmam məscid kompleksi ilə tanış oldu, XVI əsrdə inşa edilmiş “Muyi-mübarək” mədrəsəsinə və Özbəkistan Müsəlmanları İdarəsinin kitabxanasına baxdı.

Hörmətli həmkarlar!

Hesab edirəm ki, Milli Məclisin nümayəndə heyətinin Özbəkistana rəsmi səfəri uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm”.

 

COP29

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv