Təhsil Nazirliyi müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində bir sıra dəyişikliklər edilməsi ilə bağlı məlumat yayıb. Yeniliklər isə bundan ibarətdir ki, test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb, test imtahanı mərhələsində 100 ballıq qiymətləndirmədən istifadə ediləcək, ixtisas suallarına görə hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcək, səhv 4 tapşırığa görə də 1 düz cavab silinəcək. Vakansiya seçimi mərhələsində isə şəhid ailəsi üzvlərinə üstünlük veriləcək.
Lap əvvəldən başlasaq, mən hər zaman sözügedən imtahanın keçirilməsinə qarşı olmuşam. Bu, müəllimlər üçün əlavə stress və xərcdir. Universiteti bitirdikdən sonra yenidən imtahan vermək, ondan sonra müəllimlik statusunu qazanmaq absurd olmaqla birlikdə, yersizdir. Üfüqdə MİQ imtahanlarının ləğvi görünmədiyindən keçək əsas məsələyə.
Əvvəla, nazirlik bildirməlidir ki, müsabiqədə dəyişiklik edilməsi zərurəti haradan qaynaqlanır. Nazirlik rəsmisi sözügedən dəyişikliklərin “rəy və sorğular əsasında” həyata keçirildiyini bildirir. Kimin rəyi və nə sorğusu? Müəmma.
Universistetlərə qəbul imtahanında tətbiq edilən 4 səhv cavabın 1 düzü “aparması” isə gülüncdür. Ona görə gülüncdür ki, imtahan sistemi, onsuz da, müəllimlərin özlərini müəllim kimi yox, tələbə kimi hiss etmələrinə yol açır. Hələ bunun üstünə səhv-düz məsələsini də gəlsək, o zaman müəllimlərin adaptasiya problemlərini daha yaxşı görərik.
MİQ müsabiqəsinin keçirilməsində ötən il yaşananları unutmamışıq və hamımızın yadındadır. İndi görək bu dəyişikliklər başımıza nə gətirəcək.
Yeri gəlmişkən, bir daha təkrarlayım ki, ölkədə Dövlət İmtahan Mərkəzi var və imtahanların təşkili bu quruma həvalə edilməlidir. MİQ imtahanlarına nə üçün Təhsil Nazirliyi “baxmalıdır”?
Şəhidlərin ailə üzvləri
MİQ müsabiqəsində vakansiya seçimi mərhələsində şəhid ailəsi üzvlərinə üstünlük verilməsi məsələsinə ayrıca paraqraf ayırmaq istəyirəm. Ona görə ki, Vətən müharibəsindən sonra çox qurumlar şəhid ailələrini özlərinə sipər edir, onların adından yararlanaraq məqsədlərini həyata keçirirlər. Şəhid adını, statusunu dəyərdən salmaq lazım deyil. Millətimiz böyük millətdir və əminəm ki, vakansiya seçimində şəhid ailəsi üzvü ilə rəqabət aparan müəllim namizədi onun seçilməsindən hiddətlənməyəcək. Ancaq bu iki toplum fərdini və hətta statusunu qarşı-qarşıya gətirmək düzgün deyil.
Müəllimlikdə və bir çox peşə sahələrində əsas meyar şəhidin ailə üzvü olmaq deyil. Əgər müsabiqə keçirirsənsə, sənin şəhidin ailə üzvünə xüsusi yanaşman doğru deyil və yolverilməzdir. Yanlış anlaşılmasın, burada şəhidə, onların ailə üzvlərinə qarşı gəlməkdən söhbət getmir. Məsələ burasındadır ki, MİQ-də xüsusi statusu ön plana çəkə bilməzsiniz. Bunu o zaman edə bilərsiniz ki, şəhid ailələrindən müəllimliyə namizəd olanlara xüsusi yerlər ayrılar. Bu zaman həm ədaləti qorumuş olarsınız, həm də şəhidlər qarşısındakı borcunuzu yerinə yetirə bilərsiniz.
BDYPİ-nin qadın sürücülərə xəbərdarlığı
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qadın sürücülərə xəbərdarlıq edib. Xəbərdarlıq mətnində sözü milli dəyərlərdən başladılıb, humanistliyə toxunulub, rəqəmlər paylaşılıb və bir az da sitəm edilib. Qeyd edilir ki, yol hərəkəti qaydalarını pozan çoxlu sayda qadın sürcülərə rast gəlinir. Hətta açıqlamada makiyajdan-filan da bəhs edilir.
Açığı, BDYPİ-nin qadın sürücülərə xüsusi müraciət etməsini təəccüblə qarşıladım. Çünki sürücülükdə cins ayrımı etməyin yanlış olduğunu düşünürəm. Vahid qaydalar var və bu qaydalar cinsi fərqdən asılı olmayaraq hər kəs üçün eyni hökmdədir.
Yaxşı olardı ki, BDYPİ qadın sürücülərin səbəb olduğu qayda pozuntusu və qəza statistikası ilə bağlı ayrıca açıqlama yaymaqdansa, ümumi rəqəmləri bölüşərək bu rəqəmlər üzərindən cins kateqoriyalaşdırması aparardı.
www.yenicag.az