“Misir Qasımlı və vəkillərinin Apellyasiya Məhkəməsinə etiraz etmək hüququ var”.
Bunu Ukrayna məhkəməsində Azərbaycan vətəndaşı Misir Qasımlı və onun dostu Sübhan Quliyev barəsində oxunan hökmə münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, məsələnin iki dövlət arasında olan münasibətlərlə əlaqəsi yoxdur:
“Ukrayna hüquq-mühafizə orqanlarının cinayətlə bağlı Misir Qasımlı barəsində apardığı araşdırmanın detalları ilə tanış deyiləm. Azərbaycan vətəndaşının yad ölkədə problemlə üzləşməsi hər bir azərbaycanlını narahat edən məqamdır. Ramil Səfərovun saxlanmasında ədalətsizlik vardı. Azərbaycan Respublikası onun vətənə qaytarılması üçün lazımi addımı atdı.
Misir Qasımlının məhkəməsi hələ bitməyib. Birinci instansiya məhkəməsində şəxsin 8 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm verilib. Bu, qərar birmənalı şəkildə qüvvədə qalacaq demək deyil. Hökmün ləğv edilməsi istiqamətində addımlar atıla bilər. Verilən qərara Misir Qasımlı və vəkillərinin Apellyasiya Məhkəməsinə etiraz etmək haqqı var. Misir Qasımlı barəsində haqsız hökm oxunması ilə bağlı səsləndirilən fikirlərə görə Ukrayna məhkəməsində işə yenidən baxıla və hökm ləğv oluna bilər.
Azərbaycan qanunvericiliyinə əsasən Misir Qasımlının vətənə gətirilməsi mümkündür. Verilən hökm Apellyasiya və Ali Məhkəmədə qüvvədə qalacaqsa, ekstradisiya ilə bağlı tədbir görülə bilər. Ekstradisiya nəticəsində şəxs Azərbaycan vətəndaşıdırsa, vətənə köçürülməsi ilə bağlı addım atılacaq. Gəldikləri zaman isə Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət işinə təkrar baxılacaq. Həmin cinayətə görə Azərbaycan qanunvericiliyində daha yüngül tədbir nəzərdə tutulubsa, cəzası azaldılacaq. Hazırda tələsərək addım atmaq düzgün qərar olmaz”.
Nəsimi Ələsgərli
www.yenicag.az