Moldova hökuməti çərşənbə günü, dekabrın 11-də keçirilən iclasında enerji sektorunda fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiqləyib.
Yenicag.az xəbər verir ki, bu barədə “NewsMaker” portalı məlumat yayıb.
Moldovanın enerji sektorunda fövqəladə vəziyyətin elan olunması qərarı Rusiya qazının kəsilməsi riskləri ilə bağlıdır. Hazırda bu qərar ölkə parlamenti tərəfindən təsdiqlənməlidir.
Bundan əlavə, hökumət iclası zamanı enerji sektorunda fövqəladə halların idarə edilməsi üçün əsasnamələr və fəaliyyət planı təsdiqlənib. “Moldova 1” telekanalının məlumatına görə, sənədlərdə böhranın mümkün ssenariləri, nəticələri və müdaxilə strategiyaları əksini tapıb. Əsas məqsəd enerji təchizatında fasiləsizlik yaratmamaq və əsas sosial xidmətlər göstərən ev təsərrüfatları, müəssisə və təşkilatları qorumaqdır.
Fəaliyyət planı Avropa İttifaqının dəstəyi ilə hazırlanıb.
Xatırladaq ki, ötən həftə Moldovanın baş naziri Dorin Reçan enerji sektorunda fövqəladə vəziyyətin tətbiq olunmasını xahiş etmişdi. Baş nazirin sözlərinə görə, elektrik enerjisi və digər enerji növlərinin tam olmasa da, qismən dayandırılması riski mövcuddur. Bununla yanaşı, bu həftə Moldova enerji sektorunda milli fövqəladə vəziyyət zamanı elektriksiz qalmamalı olan kritik infrastruktur obyektlərinin siyahısını tərtib etməyə başlayıb.
www.yenicag.az