“Bu gün Azərbaycan məktəblərində robotlaşma, proqramlaşma kimi əlavə dərslər keçirilməlidir”.
Bunu gənclərin savadlı və sosial həyatının daha yaxşı təminatı üçün atılması vacib olan addımları dəyərləndirən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan gənclərinin daha savadlı və elmə meyllə olması üçün dərsliklərdə müəyyən dəyişikliklərin edilməsi vacibdir. Çünki gənclərin zamanın tələblərinə uyğun ixtisaslı kadr kimi yetişdirilməsinə ehtiyac var:
“Bu gün MDB, Qərb ölkələri, ABŞ və önəmli beynəlxalq təşkilatları Türkiyə və Azərbaycanın bir yerdə inamla addımlamasının regionda sülh və barışın daimi olacağına əsas verdiyini gözəl anlayır. Bu müttəfiqliyin töhfələri istənilən siyasətdə, mədəniyyətdə və ümumilikdə istənilən sahədə özünü büruzə verir. Bu baxlmdan türk dünyasının fəxri hesab edilən, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana gəlişi qürurvericidir. Əziz Səncər kimi bir ziyalı türkün gənclərimizə örnək, nümunə olmasını mütləq şəkildə qeyd etmək lazımdır. Əziz Səncər həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər bir insan olaraq Azərbaycan dərsliklərində olmalı, Azərbaycan gəncləri tərəfindən öyrənilməlidir.
Hesab edirəm ki, bu gün Azərbaycan məktəblərində robotlaşma, proqramlaşma kimi əlavə dərslər keçirilməlidir. Gənclərdə ixtiralara həvəs oyatmaq lazımdır. Əziz Səncər, Səlcuq Bayraktar kimi ziyalıları örnək çəkərək, gənclərimizin daha parlaq, daha elmli Azərbaycan yaratmağa töhfə verə biləcəklərinə inanmalıyıq”.
Gülşən Şərif
www.yenicag.az