!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müharibə özfəaliyyət işi deyil ki, kim istəsə, gedib döyüşə qatılsın” - Nazirlikdən və hərbi ekspertdən MÖVQE / VİDEO

!Reklam – Yazi

Vaqif Dərgahlı: “Bu şəxslərin hərbi biletinə orduya çağırılmaları və xidmət etmələri mütləq yazılmalıdır”.

Tərlan Eyvazov: “Döyüş bölgəsinə göndərilmiş hərbçilərin hamısı Vətən Müharibəsinin iştirakçısı sayılır”.

Sosial şəbəkələrdə Vətən Müharibəsi dövründə ehtiyatdan çağırılan və artıq tərxis olunmuş bir çox əsgərlərin hərbi biletlərinə “Müharibədə iştirak etməyib” qeydinin yazılmasına dair iddialar yayılıb.

Bildirilir ki, döyüşlərdə iştirak etmiş əsgərlərin hərbi biletlərinə həmin qeydin yazılması onları müharibə iştirakçıları üçün nəzərdə tutulan imtiyazlardan məhrum etmək məqsədi daşıyır.

Bu iddialarla bağlı Yenicag.az-a açıqlama verən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu kimi məsələləri yalnız konkret faktlar üzrə araşdırmaq mümkündür.

Vaqif Dərgahlının sözlərinə görə, hərbi biletlərə müvafiq qeydlərin yazılmaması haqda iddia edilən halların olması mümkün deyil:

“Şəxslər var ki, orduya çağrılıb, ancaq onların xidmətindən istifadə olunmayıb. Belə məsələlər var. Bu şəxslərin hərbi biletinə orduya çağırılmaları və xidmət etmələri mütləq yazılmalıdır.

İddia edilən halların olması mümkün deyil. Vətəndaş orduya çağırılıb, təminata daxil edilib, yeri-yatağı olub, dövlət ona pul xərcləyib. Ola bilməz ki, həmin şəxslərin hərbi biletinə “iştirak etməyib” yazılsın”.

Müzakirə olunan iddiaları Yenicag.az-a dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, kimliyindən asılı olmayaraq, heç kəsin haqqın tapdanmamalıdır:

“Əfqanıstan və Birinci Qarabağ müharibələrində iştirak etmişəm. Təcrübədən çıxış edərək deyirəm ki, daşıdığı vəzifədən və gördüyü işlərdən asılı olmayaraq, müharibə dövründə orduya çağırılan, hərbi forma geydirilən, silah verilən və müəyyən bölgədə yerləşdirilən hərbçinin xidməti mütləq qeyd olunmalıdır.

Xidmətə çağırılan şəxsin cəbhənin hansı hissəsində – öndə, yoxsa arxada yerləşdirilməsinin fərqi yoxdur. Yəni o, yaxınlıqda partlayan mərminin və ya minanın da qurbanı ola bilərdi.

Əgər hansısa hərbçi döyüş əməliyyatıarında və müəyyən ərazilərin azad olunmasında iştirak edibsə, təbii ki, bütün bunlar onun hərbi biletində qeyd olunmalıdır. Yəni heç kəsin əziyyəti yerdə qoyulmamalıdır.

Burada məsələ heç də əldə olunacaq imtiyazlarda deyil. Əminəm ki, heç kim cəbhəyə imtiyaz naminə yollanmayıb. O qeydlərin hərbi biletə yazılması həmin şəxslərin gələcəyi, övladları və cəmiyyət qarşısında borcunu yerinə yetirməsi baxımından önəmlidir.

Müharibə özfəaliyyət işi deyil ki, kim istəsə, gedib döyüşə qatılsın. Əgər kimlərisə cəbhənin ön hissəsinə, kimlərisə arxaya göndəriblərsə, bu, o şəxslərin məsələsi deyil. Döyüş bölgəsinə göndərilmiş hərbçilərin hamısı Vətən Müharibəsinin iştirakçısı sayılır”.

Səxavət Məmməd

www.yenicag.az

5918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv