“Müharibənin öz qanunları var və dövlətlər də bu qanunlara zidd addım atmamalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O qeyd edib ki, bu müddəaların İkinci Qarabağ Müharibəsində Ermənistan tərəfindən pozulduğu görünür.
“Müharibə zamanı yaşayış məntəqələrinin vurulması, sivil vətəndaşların öldürülməsi, qadağan olunan silahlardan istifadə edilməsi beynəlxalq hüquq tərəfindən birmənalı olaraq yaxşı qarışlanmır. Lakin İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfi bu məsələlərə riayət etməyib, sivil vətəndaşlara qarşı təhlükəli fosforlu bombalardan, ağır artilleriyalardan istifadə etməkdən çəkinmirdilər. Bu isə Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirmək niyyətində olmadığını, onları pozmaqda maraqlı olduğunu göstərir”, – deyə o qeyd edib.
S.Hümbətov əlavə edib ki, bu gün Ermənistanın bu cür hərəkətlərini beynəlxalq ictimaiyyət görməzdən gəlir.
“Ermənistanın nəinki Bərdə, Tərtər, Gəncə, Mingəçevir, eləcə də sərhəddən yüzlərlə kilometr kənarda yerləşən Azərbaycan ərazilərini raket atəşinə tutması onların müharibə qanunlarını saymazlığından irəli gəlir”, – deyə o bildirib.
Politoloq Azərbaycanın Qarabağ Zəfərindən danışan politoloq qeyd edib ki, İkinci Qarabağ savaşı ölkəmiz üçün namus, qeyrət və ədalət savaşı idi.
“30 illik həsrətə 44 gündə son qoyan Azərbaycan Ordusunun göstərdiyi nailiyyət tək Azərbaycanın özü üçün deyil, eyni zamanda, region üçün çox ciddi, xüsusi əhəmiyyət daşıyır. Bu zəfərlə Azərbaycan separatizmin, terrorizmin kökünü kəsdi. İkinci Qarabağ müharibəsində Azərbaycanın istifadə etdiyi döyüş taktikaları hazırda dünyanın aparıcı dövlətləri tərəfindən təqdir edilir.
Artıq Azərbaycan adını hərb tarixə qızıl hərflərlə yazdıraraq, dünyanın ən güclü orduları sırasına daxil olub”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov
www.yenicag.az