“Kim əxlaqsızdırsa, elə bilir hamı elədir” – Murad Arif qəzəbləndi

Tanınmış şoumen, aparıcı və bəstəkar Murad Arif sosial şəbəkədə yazdığı statuslara görə sərt tənqidlərə məruz qalıb.

Yenicag.az-a açıqlama verən şoumen həmin adamları “heyter” adlandırıb :

“Mənim auditoriyam əsasən kübar, təhsilli, proqressiv insanlardan ibarətdir deyə, aqressiyaya az məruz qalıram. Amma hərədən kimlərsə yerini-yatağını səhv salıb, bizə də nələrsə yazır. Reaksiya vermirəm. Adamın işi, özgüvəni, səadəti olsa, mənfi yazmaz. Sosial şəbəkədən məşhurlara təhqir yazmaq, şəxsi bədbəxtlik əlamətidir. İngilislər belə adamlara “heyter” deyir. Onlarla çox rahat davranır, ciddi qəbul etmirəm. Əgər məşhurlardan kimsə əyyaş, əxlaqsız, yüngül xasiyyətli, qeyri-ciddidirsə, tamaşaçı hamını elə hesab edir. O qədər pis nümunələr görüblər ki, sənətçinin nümunəvi ailə başçısı, intellektli insan ola biləcəyinə inam qalmayıb. Təəssüf ki, insanlar bəzən bu fərqi görmür. Mən şəxsən buna çox üzülürəm”.

M. Arif paylaşımlarını sosial şəbəkə izləyicilərinin zövqünə görə yazmadığını deyir:

“Mənim yazı üslubum ümumiyyətlə, qəlizdir. Sözsüz ki, çətin ifadələr, az-çox kitab oxumuş adamlar kütləni qıcıqlandırır. Bəzən “Günəş” yazırsan, “Güləş” oxuyurlar… Xüsusən, tənqid yazarkən, adamlar qıcıqlanır. Bizdə özünütənqid xüsusiyyəti yoxdur. Camaatın ürəyincə o olar ki, mən də musiqili meyxanalar və çöpəgülən verilişlərdən, filmlərdən paylaşımlar edim, amma etmirəm, etməyəcəm də…

Məni ən çox tənqidi, sosial yazılarıma görə qınayırlar… Bəziləri belə əsas gətirir ki, “şou-biznesdəsən, nümunəvi ola bilməzsən” və s. Amma ali savadımı, ixtisasca beynəlxalq iqtisadçı olmağımı, oxuduğum kitabları, ziyalı ailəsindən olmağımı, şou mühitində yalnız tədbir, veriliş apararkən, işdən-işə görünməyimi, şəxsi həyatımı mediadan gizlətdiyimi, asudə vaxtımı evdə, ailəmlə keçirtdiyimi, əcnəbi dillərdə özümü sərbəst ifadə etməyimi, nəhayət, vicdanlı vətəndaş olduğumu görməməzliyə vururlar”.

Cəvahir