Müxalif partiya sədri PA-da Ədalət Vəliyevlə görüşdü

Elşad Musayev: “Müxalifətin hansı təklifləri olacaqsa, ona müsbət yanaşılacağı bildirildi”

Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiya rəhbərlərinin görüşləri davam edir. Belə görüşlərdən biri iyulun 9-da baş tutub.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev PA rəsmisi ilə görüşüb. Bu barədə Musavat.com-a onun özü məlumat verib.

E.Musayev görüşün səmərəli keçdiyini söyləyib: “Ədalət Vəliyevin dəvəti əsasında onunla görüşümüz oldu. Hesab edirəm ki, geniş, səmərəli və məhsuldar bir görüş keçdi. Bir sıra məsələləri açıq şəkildə müzakirə etdik. İlk növbədə, ölkədə ictimai-siyasi vəziyyəti dəyərləndirdik. İqtidar-müxalifət münasibətlərindən geniş danışdıq. Bildiyiniz kimi indi pandemiya şəraitindəyik. Ona görə aktiv siyasi fəaliyyət göstərmək bir qədər çətindir. Pandemiya ilə bağlı müəyyən problemlər var ki, bunları da müzakirə etdik. Cəmiyyətin gündəmində pandemiya ilə bağlı hansı təkliflərin olduğunu, olan narazılıqları və eyni zamanda, öz düşüncələrimi çatdırdım. Hesab edirəm ki, bir müddət biz koronavirusla yaşamalı olacağıq. Ona görə bu müddət ərzində daha səmərəli iş görülməlidir. Dağlıq Qarabağ ətrafında müəyyən proseslər gedir. Bu məsələdə iqtidarla müxalifət vahid mövqedən çıxış etməlidir. Bildiyiniz kimi Avropa Şurası, onun Parlament Assambleyası Dağlıq Qarabağda keçirilən seçkilərlə bağlı mövqe bildirməyib. Çox təəssüflər olsun ki, bizdəki siyasi təşkilatlar da buna ögey münasibət sərgilədilər. Bu da narahatçılıq doğuran səbəbdir. Hiss olunur ki, Azərbaycana müəyyən təzyiqlər var. Bu məsələləri cənab Ədalət Vəliyevə çatdırdım. Siyasi təşkilatların normal fəaliyyət göstərmələri və qurultayların keçirilməsi kimi məsələləri də müzakirə etdik. Qurultayların hazırda mövcud şəraitdə keçirməyin mümkün olmamasından danışdım.

Yer və başqa məsələlərdə hər hansı bir problemin olmayacağı bildirildi. Elektron yollarla kimlərsə qurultay keçirəcəksə, burada da problemin olmayacağı qeyd olundu. Hesab edirəm ki, bütün bunlar iqtidarla müxalifət arasındakı münasibətlərin ikinci mərhələsidir. Mövqeyimiz onunla bağlıdır ki, iqtidar hər hansı bir məsələlərlə bağlı müxalifətin təkliflərini qəbul etməli, tənqidi fikirlərinə normal yanaşmalıdır. Münasibətlər normal şəkildə dinc müstəviyə gəlməlidir. Azərbaycanın ətrafında çoxlu oyunlar oynanılır. Çoxlu sayda problemlərimiz var. Belə bir şəraitdə iqtidar-müxalifət münasibətlərində narazılığın pik həddə çatması qəbuledilməzdir”.

BAP sədri belə görüşlərin davam edəcəyini bildirdi: “Ədalət müəllim bildirdi ki, bu cür görüşlərin davam etdirilməsi gözlənilir. Bizdən əvvəl də bəzi siyasi partiyalarla görüşlər olub. Bunu da təqdir edirik. Faktiki hakimiyyət tərəfindən bu görüşlər dialoq kimi qəbul olunur. Müxalifətin hansı təklifləri olacaqsa, ona da müsbət yanaşılacağı bildirildi”.

COP29