"Ermənistan cəmiyyəti sülh istəyir, lakin xarici qüvvələr müharibəyə sürükləyir" – Hərbi ekspert

media-hightechnic-468x90

“Həmin vəsaitlər müharibədən əziyyət çəkmiş insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilsə daha məqsədəuyğun olardı”.

Yenicag.az xəbər verir ki, bunu polkovnik Cəlil Xəlilov deyib.

O, Ermənistanın ordusunu müdafiə yox, hücum silahları ilə təchiz etməsinin səbəblərini izah edib.

Polkovnik bildirib ki, müəyyəv qüvvələr Ermənistanı konfliktə sürükləməyə çalışır.
“Hücum xarakterli texnikanın və ağır silahların alınması yalnız sülhə hazır olmağı deyil, eyni zamanda müharibəyə hazırlığı da göstərir. Bu baxımdan ABŞ başda olmaqla, Avropa və digər Qərb ölkələri Ermənistana təzyiq göstərməli, onu müharibəyə deyil, sülhə hazırlaşmağa sövq etməlidirlər.

Delimitasiya və demarkasiya prosesi davam etsə də görürük ki, xarici dövlətlərin müşahidəçiləri həmin ərazilərdə fəaliyyət göstərir, Azərbaycan ərazisini izləyir, ölkəmizin hərbi texnikasının yerləşdiyi istiqamətləri qeydə almağa cəhd edirlər. Bununla belə, Azərbaycan həmin ərazilərdə baş verən proseslərdən xəbərdardır və öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.

Azərbaycan dəfələrlə heç bir qonşu dövlətin ərazisinə qarşı ərazi iddiası və ya müharibə niyyəti olmadığını bəyan edib. Azərbaycan həm öz vətəndaşlarını, həm də region ölkələrinin, o cümlədən Ermənistan əhalisini sülhə hazırlanmağa çağırır. Ermənistan cəmiyyətinin böyük əksəriyyəti – təxminən 85–90 faizi – müharibə deyil, sülh istəyir.

Çünki onlar övladlarının növbəti müharibələrdə həlak olmasını istəmirlər.
Müharibə dövründə Ermənistan gənclərinin ölkədən çıxarıldığı, orduda xidmət üçün əsgər və zabit çatışmazlığının yarandığı, hətta qadınların xidmətə cəlb edildiyi hallar da müşahidə olunurdu. Ermənistan həmin müharibədən ciddi nəticə çıxarmalıdır. Çünki o dövrdə həm böyük həcmdə silah-sursat, həm də insan itkisinə məruz qaldı.

Bu gün müharibə cinayətləri törətmiş şəxslər məsuliyyət daşımalı olduğu halda, bəzi Avropa və digər xarici ölkələr onların cəzalandırılmasını tələb etmək əvəzinə amnistiya çağırışları edirlər. Bu isə sülhə xidmət etmir. Əksinə, həmin dövlətlər Ermənistana təzyiq göstərməlidirlər ki, müharibə və separatizm iddialarından birdəfəlik imtina etsin.

Təəssüf ki, bəzi xarici və aparıcı dövlətlər Ermənistanın müharibəyə hazırlığını açıq və ya dolayı yollarla dəstəkləyir, maliyyə və hərbi yardım göstərir, silah-sursat verir, bəzən isə bunu pulsuz həyata keçirirlər. Bu cür yanaşma regionda gərginliyi daha da artırır. Halbuki həmin vəsaitlər müharibədən əziyyət çəkmiş insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilsə daha məqsədəuyğun olardı.

Ermənistan uzun illər ərzində Azərbaycan ərazilərində, xüsusilə Qarabağda şəhər və kəndləri, yaşayış evlərini, infrastruktur və kommunikasiya xətlərini dağıdıb. Beynəlxalq ictimaiyyət bu dağıntıların bərpasına dəstək göstərməli, insanların öz doğma yurdlarına qayıdaraq təhlükəsiz və layiqli şəraitdə yaşamalarına kömək etməlidir.

Bu səbəbdən beynəlxalq təşkilatlar və aparıcı dövlətlər diqqətlərini müharibəyə deyil, sülhə, sabitliyə və regionda uzunmüddətli əmin-amanlığın təmin olunmasına yönəltməlidirlər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa