Nadejdanın yanına həkimlər buraxıldı
Təyyarəçi, Ali Radanın deputatı və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Nadejda Savçenkonu ukraynalı həkimlərin müayinə etməsinə icazə verilib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə onun vəkili Mark Feygin Tvitter səhifəsində məlumat verib.
Ukrayna rəsmiləri də bu xəbəri təsdiqləyiblər. Belə ki, ölkənin xarici işlər naziri Pavlo Klimkin sosial şəkəkədə yazıb ki, prezident Petro Poroşenkodan tutmuş konsulumuzadək birgə səylər nəticəsində ukraynalı həkimlər Nadejdanın yanındadırlar.
Bildirək ki, təyyarəçi iki gün əvvəl yaydığı məktubunda deyib: “İstəyirəm ki, Ukrayna həkimləri mənimlə görüşə buraxılsın. Çünki indiyədək məni müayinə etmək üçün Ukrayna həkimlərinə icazə vermirlər. Əgər həftənin sonuna qədər Ukrayna həkimləri yanıma buraxılmasa, martın 16-dan qidadan imtina edib aclığı davam etdirəcəm.”
Xatırladaq, Ukrayna təyyarəçisi, Ali Radanın deputatı və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Nadejda Savçenko 2014-cü ilin iyulunda Luqanskda separatçılar tərəfindən qaçırılaraq Rusiya ərazisinə aparılıb. O,Donbasda iki Rusiya jurnalistini öldürməkdə təqsirli bilinir, amma təyyarəçi bu ittihamları rədd edir.