!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Nə Bakı, nə də İrəvan Moskvaya ümid bəsləməsin" - Sergey Markedonov

!Reklam – Yazi

“Çünki, bu variant Rusiya üçün risklər yaradır”

Rusiya Qarabağ münaqişəsinin tərəflərdən birinin tam qələbəsi ilə bitməsinin əleyhinədir.

Yenicag.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Humanitar Universitetinin dosenti, tanınmış rusiyalı politoloq, qafqazşünas alim Sergey Markedonov Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən “Dağlıq Qarabağda münaqişənin 30 illiyi” adlı dəyirmi masada çıxışında bildirib.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosessində” adlı məruzəsındə rusiyalı ekspert Dağlıq Qarabağ münaqişəsinin bir neçə səbəbdən Rusiya üçün fövqəladə dərəcədə vacib olduğunu söyləyib: “Münaqişənin özü deyil, məhz onun nizamlanması Rusiya üçün olduqca vacibdir. Birinci səbəb, Rusiyanın özünün də Qafqazın ən böyük dövləti olmasıdır. Çünki Qafqazın Rusiyaya aid olan hissəsi, Cənubi Qafqaz ölkələrinin birlikdə həm ərazisindən, həm də əhalisindən böyükdür.

Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi mövzusu Rusiyada ayrıca müzakirə mövzusu olmur. Baxmayaraq ki, Rusiya bu münaqişənin nizamlanmasında çox aktiv rol oynayır. Unutmaq olmaz ki, Rusiyada böyük Azərbaycan və erməni diasporu fəaliyyət göstərir. Erməni diasporun götürsək, dünyada ən böyük erməni diasporu Rusiyadadır. Rusiyada olan ermənilərin sayı Ermənistanda olan ermənilərin sayında çoxdur. Dağlıq Qarabağ münaqişəsi bu diasporlar üçün də həssas nöqtədir”.

Markedonov Rusiyanın hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeni də izah edib: “Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyi Moskvanın digər münaqişələrlə bağlı mövqeyindən fərqlənir. Rusiyanın bu münaqişə ilə bağlı mövqeyini fərqləndirən cəhətlər bunlardır: “Birincisi, Qarabağ münaqişəsinə heç vaxt nə Qərb, nə də Rusiya tərəfindən Abxaziya, Cənubi Osetiya, Donbass və Dnestryanı kimi “proxy münaqişə ” (digər oyunçuların əli ilə aparılan marionetka münaqişəsi-Fərid Əkbərov) kimi baxılmayıb. Rusiya və Qərb bu münaqişə ilə bağlı yenilənmiş Madrid prinsiplərini münaqişənin nizamlanmasının əsası kimi qəbul edirlər. Anlaşılandır ki, bu sənəd olduqca “kal”dır. Orada olduqca daxili ziddiyyətlər mövcuddur.

“Nə Bakı, nə də İrəvan Qarabağ məsələsində Moskvaya ümid bəsləməsin”

İkinci vacib məqam isə, münaqişə tərəflərinin, həm Azərbaycanın, həm də Ermənistanın Rusiya ilə yaxşı münasibətlərdə maraqlı olmasıdır. Həm Bakı, həm də İrəvan Rusiyanın bu münaqişənin həllində sülhməramlı olmasını istəyir. Baxmayaraq ki, Ermənistanda hakimiyyət dəyişikliyi olub, yenə də Ermənistan hakimiyyəti Moskvanın bu münaqişənin nizamlanmasında vacib rol oynadığını vurğulmağa davam edir.

Həm Bakı, həm də İrəvan tərəfindən Rusiyadan bu istiqamətdə gözləntilər çoxdur. Fikrimcə, Rusiyanın ən yaxşı mövqeyini xarici işlər naziri Sergey Lavrov ifadə edib. Onun sözlərinə görə, Rusiya münaqişənin nizamlanmasında heç kəsi heç nəyə məcbur edə bilməz, münaqişə tərəfləri özləri güzəştləri dərk etməlidir. Rusiya Azərbaycan və Ermənistanın yerində ola bilməz. Onlar özləri qərara gəlməlidirlər. Münaqişələrin nizamlanması o zaman tam uğurla bitir ki, ya tərəflərdən biri qalib olur, ya da güzəşt olunur. Rusiya münaqişənin nizamlanmasının tərəflərdən birinin tam qalibiyyəti ilə bitməsi variantının əleyhinədir. Çünki, bu variant Rusiya üçün risklər yaradır. Biz, bunu 2016-cı ilin aprel döyüşlərində aydın müşahidə etdik. Məhz, bu məqam Rusiyanın münaqişənin nizamlanmasındakı rolunu aydın izah edir. Ona görə də Rusiya münaqişənin həllini tələsdirməyə çalışmır və bunu istəmir. Moksva gözləyir ki, tərəflər özləri bir güzəşt yolunu tapsınlar. Özləri nəyi güzəştə gedə biləcəklərini dərk etsinlər. Moskva Bakı və İrəvanın yerinə bu güzəştləri etməyəcək. Bakıda və İrəvandakı həmkarlarıma demək istəyirəm ki, artıq Kommunist Partiyasının Mərkəzi Komitəsi 1991-ci ildən mövcud deyil, yəni, Moskvaya heç kəs ümid bəsləməsin.

“Qarabağda müharibənin başlanması Avrasiya İttifaqı və KTMT-nin mövcudluğunu şübhə altında qoyur”

Digər vacib məqam isə münaqişənin güc, silah yolu ilə həll edilməsinin Moskvaya heç cür sərf etməməsidir. Ona görə ki, bu məqam Rusiya üçün böyük risklər doğurur. İlk öncə, Rusiyanın cənub sərhədində müharibə ocağının alovlanması riskidir. İkinci risk isə Rusiyanın iştirak etdiyi və təşəbbüskarı olduğu bütün inteqrasiya layihələrinin şübhə altına alınmasıdır. Bu, o deməkdir ki, münaqişənin güc yolu ilə həlli Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcudluğunu şübhə altında qoyur. Bu, Qərbin sanksiyaları, gərgin ABŞ-Qərb-Rusiya münasibətləri fonunda Rusiya üçün əlavə risklərdir. Ona görə də, Moskva əlindən gələni edəcək ki, Qarabağ münaqişəsinin nizamlanması silah deyil, sülh, danışıqlar yolu ilə olsun. Lakin başa düşmək lazımdır ki, Rusiyanın əlində sehirli çubuq yoxdur. Ölkələrdə hakimiyyətlər, rəhbərlər dəyişilə bilər, lakin illuziyalara qapanmaq lazım deyil. Əksinə, ictimaiyyətdən hakimiyyətə gələnlər münaqişənin həlli ilə bağlı sərt ifadələr, maksimalist bəyanatlar verə bilər. Çünki onlar dövlət hakimiyyətində olan şəxslərdən fərqli olaraq danışıqlar prosesinin mahiyyətini, məğzini anlamırlar”.

“Yenilənmiş Madrid prinsipləri münaqişənin necə həll olunacağını açıq aydın göstərir”

Rusiyalı politoloq danışıqlar prosesində hazırda konkret olaraq hansı məsələlərin müzakirə olunduğuna da toxunub: “Hal-hazırda danışıqlar masasında iki əsas məqam müzakirə olunur. Bunlardan birincisi Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu məsələsidir. İkincisi isə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun məsələsidir. Bəs, sadə pazlı düzəltməyə maneə olan nədir?  Üçüncüsü isə referendum məsələsidir. Bu referendum tövsiyyə xarakterli olmamalıdır. Referendumun nəticələrinin tanınacağına zəmənət varmı? Referendumdan sonra tərəflərdən bu və ya digəri çıxıb referendumun nəticələrini tanımadığını deyə bilər. Kim bu vəziyyətdə məsələnin hüquqi təminatı ilə məşğul ola bilər? Fikrimcə, hansısa güzəştin əldə olunması ancaq və ancaq siyasi iradənin ortaya qoyulması və münaqişə tərəflərinə təsir edən xarici oyunçuların vahid mövqeyə gəlməsi ilə baş tuta bilər. Hazırda kağız üzərində xarici oyunçular vahid mövqedən çıxış edirlər. Lakin qeyd etdiyim kimi, bu kağız üzərindədir. Rusiya ilə Qərbin arasında Donbass, Abxaziya və Cənubi Osetiya məsələlərinə görə, o qədər fikir ayrılığı var ki, Qarabağ məsələsində Rusiya və Qərb bir çərçivə irəli sürə bilmir ki, münaqişə tərəfləri də həmin çərçivədən kənara çıxa bilməsinlər. Əgər biz, yenilənmiş Madrid prinsiplərinə diqqətlə nəzər salsaq, o zaman hər şeyin aydın olduğunu görərik. Yenilənmiş Madrid prinsiplərinin birinci bəndində Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğaldan azad olunması yazılıb. Bu, çox şeyi izah edir və güzəştin nə olacağını açıq aydın göstərir. Yerdə qalan məsələ isə hüquqi nöqteyi nəzərdən prosesin həyata keçirilməsi və güzəşt formulunun tətbiqinə hazır olmaqdır”.

Fərid Əkbərov
Moskva

COP29

www.yenicag.az

5072
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv