“Nə qədər ki Qars müqaviləsi qüvvədədir…” – Ermənilərin “hərbi baza” iddiasının SƏBƏBİ

“Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına ehtiyac yoxdur və bu, heç ehtimal kimi də inandırıcı deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına alternativ olaraq, Türkiyənin Naxçıvanda hərbi baza yaratmaq hazırlığında olmasına dair Ermənistanda yayılmış iddiaya münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, 1921-ci ildə imzalanmış Qars müqaviləsi Naxçıvanın Muxtar Respublikasının (MR) təhlükəsizlik qarantıdır:

“Ötən əsrin 20-ci illərində imzalanan və Naxçıvanın təhlükəsizliyini də nəzərdə tutan Qars müqaviləsi hələ qüvvədədir. O müqaviləyə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizlik qarantıdır. O baxımdan, Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına ehtiyac yoxdur. Son təlimlərdə də gördük ki, Türkiyə silahlı qüvvələri qısa müddətdə Naxçıvana gələ bilirlər. Yəni, Naxçıvan üçün təhlükə yaranarsa, Türkiyə qısa zamanda özünü yetirəcək. Ermənilər bu iddianı Rusiya ilə Türkiyənin münasibətlərini gərginləşdirmək məqsədilə ortaya atıblar. Çünki iyun ayında Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi.

Əvvəllər Türkiyə ordusunun hərbçiləri birgə təlimlərə yüngül silahlarla gəlirdilərsə, bu dəfə quru qoşunlarının hərbi texnikaları da Naxçıvandakı təlimlərə cəlb olunmuşdu. Ola bilsin ki, ermənilərin bu söz-söhbəti məhz o məsələdən qaynaqlanır. Dediyim kimi, düşünmürəm ki, Türkiyə Rusiyanın Ermənistandakı hərbi bazasına alternativ olaraq, Naxçıvanda hərbi baza yaratsın. Digər tərəfdən, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox güclüdür və Muxtar Respublikanın təhlükəsizliyini tam təmin etmək iqtidarındadır”.

Səxavət Məmməd