“Neftin qiymətinin artması dolayı yollarla ölkə iqtisadiyyatının inkişafına təkan verir”.
Bunu dünya bazarında neftin qiymətinin bahalaşmasının ölkə büdcəsinə mümkün təsirlərini dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətlidir:
“2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına bir sıra amillər təsir edir. Əsas amillərdən biri neftlə bağlıdır. Belə ki, bu ilin dövlət büdcəsində neft gəlirləri təsdiq olunan göstəricinin 2 milyard manatdan daha yüksək olacağı proqnozlaşdırılır. Ümumilikdə isə gəlirlərin 53.2 faizi məhz neft sektorunun payına düşür. Qeyri-neft sektorunun payına cəmi 46.8 faizlik göstərici daxildir. Bu il neft gəlirlərinin təxminən 15 milyard manat olacağı gözlənilir. Bu səviyyə dövlət büdcəsinə yenidən baxılması üçün imkanlar yaradır. Neft sektoru təkcə statistik təhlillər zamanı göstərilən rəqəmlərlə yekunlaşmır. Qeyd edim ki, qeyri-neft sektorunda canlanmanın baş verməsində də neft gəlirlərinin rolu çox böyükdür.
2022-ci ilin əvvəlində təsdiq olunan 26.8 milyard manatlıq gəlir 8.9 faiz artaraq 29.2 milyard manat proqnozlaşdırılır. Eyni zamanda, 29.8 milyard manatlıq xərclər 8.1 faiz artaraq 33.3 milyard manat həcmində ola bilər. Büdcə kəsiri isə 3.1 milyard manat təşkil edir.
Neft qiymətlərinin bahalaşması fonunda büdcədə olan dəyişiklik əsaslı və cari xərclərin artması iqtisadiyyatın digər sahələrində aktivliyin qorunub saxlanmasına imkan yaradacaq. Çünki dövlət investisiya layihələrinin həyata keçirilməsinə şərait yaradacaq. Bu, məşğulluğun təmin olunması və əhalinin gəlirlərinin daha yuxarı formalaşmasında rol oynayacaq. Yəni neftin qiymətinin artması dolayı yollarla ölkə iqtisadiyyatının inkişafına təkan verir”.
Gülşən Şərif
www.yenicag.az