“Neftçi”nin süpürkəçisindən tutmuş rəhbəriyinə kimi dəyişməlidir ki, komandada yenidən sağlam təməl qurula bilsin”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yerli çempionatda “Neftçi”nin uğursuzluğu və avrokuboklara vəsiqə qazanan komandaların uğuru haqda danışan idman jurnalisti Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, “Neftçi” flaqman statusunu artıq çoxdan itirib.
“Hətta komandanın vəziyyəti elə bir həddə gəlib çıxıb ki, dövlət başçısı da futbolumuz haqda danışanda “Qarabağ”ı Azərbaycan futbolunun flaqmanı elan etmişdi. Çünki flaqman həmişə öndə gedən, komandanı uğura aparana deyilir. “Neftçi” isə çoxdan bu statusu itirib. Yəni artıq azarkeşlər, futbol cameəsi komandanı yalnız keçmiş uğurları ilə xatırlayır və klub bu mövsümdə bunu bir daha təsdiqlədi”, – deyə o bildirib.
Onun sözlərinə görə, “Neftçi”yə hər hansı uğurlu baş məşqçi gəlsə belə, uğurlu nəticə qazanmaq ehtimalı yoxdur:
“Çünki burada əsas problem məşqçi deyil, komandanın təməlində olan problemlərlə bağlıdır. Klassik deyimlə ifadə etsək, “Neftçi”nin süpürkəçisindən tutmuş rəhbəriyinə kimi dəyişməlidir ki, komandada yenidən sağlam təməl qurula bilsin. Komandanın maliyyəsini, büdcəsini nəzərə alaraq, düşünürəm ki, komandanın mövsümü 5-ci yerdə bitirməsi və avrokuboklara vəsiqə qazana bilməməsinə görə bu addımın atılmasının əsl vaxtıdır. Bu mövsüm “Neftçinin büdcəsi hətta “Qarabağ”dan da çox idi. Fikrimcə, komandada düzgün addımlar atılmalı, idarəçiliyi bilən doğru adamlar seçilməlidir”.
Mütəxəssis avrokuboklara vəsiqə qazanan komandaların yerli çempionatda olan uğurundan söz açıb:
“Avrokuboklara vəsiqə qazanan digər komandalara gəlincə, “Qarabağ”dan gələn mövsümdə bizim gözləntilərimiz çox böyükdür. Çünki bu komanda bizi böyük qələbələrə, uğurlara öyrəşdirdiyinə görə, futbol cameəsi də “Qarabağ”dan Çempionlar Liqasının qrup mərhələsini gözləyirlər. Düşünürəm ki, “Qarabağ” bu uğura imza atmaq potensialına malikdir. Sadəcə komandaya 2-3 yaxşı transfer lazımdır. Bu halda daha böyük uğurdan danışa bilərik.
Digər komandalara baxsaq, “Zirə” mövsümə öz damğasını vurdu. Nəticəyə hesablanmış oyunu ilə Rəşad Sadıqov öz komandasını Avropa Liqasına çıxardı. “Qarabağ”dan sonra yerli çempionatda ikinci yer tutmaq az iş deyil.
“Sabah” isə mövsümə böyük enişlə başlasa da sonradan toparlana bildi. Murad Musayevin gedişindən sonra komandanın özünə gəlmə ehtimalı az olsa da, Krunoslav Rendoliçin komandanın sükanı arxasına gətirilməsi “nöqtə atış”ı oldu. Baş məşqçi də lazimi oyun ilə nəticə əldə edə bildi. Fikrimcə, avrokuboklarda “Qarabağ”dan sonra ən çox ümid edə biləcəyimiz komanda məhz “Sabah”dır. Çünki bu komandanın imkanları da var. Son olaraq “Sumqayıt” haqqında onu qeyd edə bilərəm ki, komanda yeni stadionunda şəhər azerkeşləri ilə sintez nail ola bildi. Azarkeşlər komandanı tək buraxmayaraq, vacib oyunlarda yanında oldular. Samir Abbasov da çox zəif heyətlə, çox da tanınmayan legionerlərlə uğurlu nəticə qazana bildi.
Bu mövsümün kəşfi “Sumqayıt”dır. Komandaya daha çox şərait yaradılarsa, transferlər daha yaxşı olarsa, “Sumqayıt” gələn mövsümdə daha böyük uğurlara imza ata bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az