Neil Uotson: “Niderlandın bu addımı Putinə və aqressorlara SƏRT MESAJDIR”
“Bu addım real və ya ehtimal olunan təhdidlərə verilən məntiqli reaksiya kimi qiymətləndirilə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.
O, Niderlandın “genişmiqyaslı münaqişə”yə hazırlıq məqsədilə hərbi imkanlarını genişləndirməsinin nəyə hesablandığı barədə fikirlərini səsləndirib.
Politoloq bildirib ki, Niderland hazırda donanmasını F-35 qırıcı təyyarələri və pilotsuz uçuş aparatları ilə genişləndirərək ordusunu müasirləşdirir.
“Lakin, təbii ki, onun quru qoşunları Rusiya ilə müqayisədə xeyli zəifdir. Bu addım real və ya ehtimal olunan təhdidlərə verilən məntiqli reaksiya kimi qiymətləndirilə bilər.
Ordunun modernləşdirilməsi müdafiə xərclərini 19 milyard avro artıracağını bəyan edən hazırkı Niderland hökuməti üçün müsbət nəticə verəcək və seçicilərin dəstəyini gücləndirəcək. Bu, eyni zamanda, Almaniya və Fransanın Aİ daxilində yeganə dominant güclər olmadığını göstərən bir siqnaldır.
Prezident Putinə və digər potensial aqressorlara isə Aİ üzv dövlətlərinin mümkün təcavüzlərə qarşı qüvvələrini yeniləmək və fikir ayrılıqlarına baxmayaraq ümumi məqsədlər naminə birlikdə hərəkət etmək iqtidarında olduqlarını nümayiş etdirir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













