Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib
Dekabrın 6-da Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə YAP Nəsimi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə hazırlanmış “Nəsillərə əmanət” filmi nümayiş olunub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP siyasi şurasının üzvü Asif Əsgərov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müasir müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.
Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyev xalqımıza üç əmanət miras qoyub. Bunun birincisi müasir müstəqil Azərbaycan Respublikasıdır ki, dövlətimizi təhdid edən qüvvələr yox edildikdən sonra onun təhlükəsizliyi xalqımıza əmanət olunub. İkincisi, Yeni Azərbaycan Partiyasıdır. Bu siyasi qurum yarandığı gündən ölkədə intellektual kadrların yetişdirilməsində mühüm tədbirlər həyata keçirib. Üçüncü əmanət isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyev Azərbaycanın inkişafı və rifahı yolunda yorulmadan çalışır.
Dövlət Komitəsinin sədri bildirib ki, dövlətimizin başçısı azərbaycançılıq ideyasını əsas götürərək dövlətimizin inkişafı istiqamətində mühüm işlər görür. Bunun nəticəsidir ki, bu gün Azərbaycan həm regionda, həm də dünyada müstəqil siyasət həyata keçirir.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ulu öndər Heydər Əliyevin xalqının dar günündə daim yanında olduğunu vurğulayıb. K.Abdullayev Ümummilli Liderin 1990-cı ilin Qanlı Yanvar günlərində Azərbaycan xalqının yanında olmasının və bu faciəni törədənləri SSRİ paytaxtında həyatını təhlükəyə ataraq sərt şəkildə tənqid etməsinin əsl fədakarlıq nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmlənməsi, ölkəmizin inkişafı uğrunda yorulmadan çalışıb. Dahi şəxsiyyət müstəqilliyin əvvəllərində Azərbaycanda siyasi hakimiyyətə qayıtmaqla ölkəmizi bütün dünyaya tanıtdı.
K.Abdullayev deyib ki, ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir.
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, 1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər qısa zaman kəsiyində Azərbaycanın hərtərəfli yüksəlişi üçün uzunmüddətli inkişaf strategiyasının möhkəm təməlini qoyaraq əsas istiqamətləri müəyyən etdi. Dahi şəxsiyyətin siyasi hakimiyyətə qayıdışı isə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsinin yaşandığı, təcavüzkar Ermənistanın torpaqlarımızı zəbt etdiyi dövrə təsadüf etmişdi. Ulu Öndər böyük müdrikliklə xalqın birliyini təmin edərək, ölkəmizi işıqlı yola çıxarmağa nail ola bildi. Sovet İttifaqı dövründə qısa zaman kəsiyində ölkədə sənaye və kənd təsərrüfatında sürətli inkişafa nail olan Heydər Əliyev 1993-cü ildə isə, ilk növbədə, xalqın birliyini təmin etdi, ölkəni anarxiya və xaosdan xilas edərək, müstəqilliyimizi möhkəmləndirdi və Azərbaycanı inkişaf yoluna çıxardı.
Ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini xatırladan deputat Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev müstəqil Azərbaycanın daha da güclənməsi yönündə ardıcıl və qətiyyətli siyasət yürüdür. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər qazanıb.
Tədbirin sonunda Xalq artisti İlqar Muradov “Xalq Heydər söyləyəcək” mahnısını ifa edib.
www.yenicag.az