Netanyahunun “Davud dəhlizi” ARZUSU – İsrail bölgədə nə PLANLAŞDIRIR?
“İsrail Suriyanın bölünməsində maraqlıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq Türkiyənin son verdiyi açıqlamanı şərh edərək Suriyanın bölünməsinə imkan verməməkdə qərarlı olduğunu bildirib:
“Suriyada Bəşər Əsəd rejiminin devrilməsi və Türkiyənin dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsi təbii ki, Türkiyənin Yaxın Şərqdə həlledici qələbəsidir. Xüsusilə Türkiyə bununla Suriyada və ümumən Yaxın Şərqdə öz geosiyasi və hərbi mövqelərini möhkəmləndirir, amma göründüyü kimi, Türkiyənin qarşısına Suriyada İsrail çıxıb. Uzun müddət Bəşər Əsəd İsrailə qarşı düşmən münasibətində olub. Hətta İsrailin düşməni İranın hərbi bazalarını öz ölkəsində yerləşdirib. Hazırkı Əhməd əş-Şaraa administrasiyası İsrailə qarşı düşmənçilik mövqeyində deyil. Suriyadan İsrailə qarşı hər hansı təhlükə mümkünsüzdür. ABŞ prezidenti də artıq Suriyaya qarşı sanksiyaları aradan qaldırıb”.
M. Əsədullazadə qeyd edib ki, İsrail Suriyanın bölünməsində birmənalı olaraq maraqlıdır:
“Göründüyü kimi İsrailin Baş naziri Netanyahu sabit və stabil Suriyanın inkişafında maraqlı deyil və Türkiyənin burda artan geosiyasi mövqeyini qəbul etmək istəmir. Ona görə də druzlardan və kürdlərdən istifadə edərək Suriyanı bölməyə çalışır. İsrail hesab edir ki, gələcəkdə Suriya inkişaf edə və Qolan təpələrini İsraildən geri istəyə bilər. Əlbəttə, Qolan təpələri Suriyanın ərazi bütövlüyünə daxildir, İsrail isə buranı tərk etməlidir. İsrailin Süveyda bölgəsində druzlardan istifadə etməsi Suriyada sabit və təhlükəsiz dövlət qurulmasında maraqlı olmadığı ortaya çıxır. Hətta Bakıda keçirilən Suriya-İsrail danışıqları nəticəsiz oldu. Yenidən iki ölkə arasında danışıqların baş verməsi gözlənilir. Hər bir halda, Türkiyə daha çox aktiv olmalı, İsrailə ultimatum verərək öz hərbi qüvvələrini Suriyada yerləşdirməlidir”.
İsrailin hərbi gücünün zəif olduğunu qeyd edən politoloq Suriyanın ərazi bütövlüyünə təhdid olunarsa Türkiyənin böyük hərbi gücündən istifadə etməli olduğunu qeyd edib:
“İsrailin, əslində, kiçik hərbi kontingenti var, onların quru silahlı qüvvələri yoxdur, sadəcə müəyyən aviasiyaya malikdir. Türkiyə isə güclü aviasiyaya malik ölkədir. Türkiyənin həm də çox güclü quru qoşunları var. Ona görə də Türkiyə imkan verməməlidir ki, Suriya bölünsün. Çünki İsrail Suriyada istədiyini edərsə, Türkiyənin geosiyasi mövqeyinə zərbə vurur və Türkiyənin güclənməsinin qarşısını alır. İsrail isə Suriyanın bölünməsində maraqlıdır, İsrail çalışır ki, qonşuluqdakı ərəb ölkələri qeyri-sabit olsunlar, xüsusilə də Suriya”.
Nurlan Cəfəri