Niderland səfirinin Türkiyəyə daxil olması qadağan edilib.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.
“Niderland səfirinin tələblərimiz yerinə yetirilməyənədək Türkiyəyə geri qayıtması qadağan olunub. Niderlandla yüksək səviyyəli münasibətlərin təxirə salınması qərarlaşdırılıb. Niderland diplomatlarının Türkiyəyə gəlməsi və diplomatik uçuşlar yasaqlanıb”, deyə N.Kurtulmuş bildirib.
Qeyd edək ki, Türkiyənin Nazirlər Kabinetinin baş nazir Binəli Yıldırımın rəhbərliyi altında toplantısı keçirilib. Toplantıda Türkiyə ilə Hollandiya arasında yaranmış siyasi qalmaqal müzakirə olunub.
Xatırladaq ki, martın 11-də Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.
Yeniçağ.Az
www.yenicag.az