11 aydır həbsdə saxlanılan tanınmış jurnalist, Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyevin məhkəmə prosesi davam edir.
Yenicag.az xəbər verir ki, Bakupost-un əməkdaşı Niyaz Niftiyevin istintaq materialları ilə tanış olub, onun əslində, nədə günahlandırıldığını, niyə heç bir vəsatətinin qəbul edilmədiyini, niyə 11 ay davam edən istintaq müddətində polis nəzarətinə verilmədiyini araşdırıb.
İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü – mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N.Niftiyev imzası var. O 4 arayışdan biri iş yerini təsdiq edən sənəd kimi Rəhimə Zeynalova adlı Bələdiyyə əməkdaşına verilib. İstintaqı aparan müstəntiq iş yerini təsdiq edən arayışı guya, karantin dövründə hərəkət hüququ qazanmaq üçün verilən sənəd kimi işə əlavə edib. Amma Niyaz Niftiyevin ifadəsindən görünür ki, bu, hərəkət hüququ qazandırmaq üçün deyil, məşğul olduqları fəaliyyət sahəsini təsdiq etmək üçün verilib. Arayışlarda qeyd olunub ki, pandemiya dövründə hərəkət hüququ qazanmaq üçün icaze.gov.az saytında qeydiyyatdan keçsinlər. Bu 3 arayışın 2-də məişət tullantılarına borca görə ayrı-ayrılıqda 19 və 30 manat məbləğində ödəniş alınıb.
Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslərolduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.
İstintaq materiallarından görünür ki, müstəntiq 23 dekabrda müdafiəçinin verdiyi vəsatətə baxmadan ittiham aktını tərtib edib, elə həmin gün də ittiham aktını imzalayıb. Hansı ki, Cinayət-Prosessual Məcəlləsinin 287.1 maddəsinə əsasən cinayət prosesi iştirakçının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saata kimi vaxt verilə bilər.
İttiham aktında qeyd olunur ki, guya, Niyaz Niftiyev əvvəlki sədr Mətanət Nəsibovanın imzasını oxşatmaqla 1 gündə 20 arayış verib. Və həmin arayışların da 7-dən müvafiq şöbə tərəfindən 10, 15, 20 və digər xırda məbləğlərdə ümumilikdə 175 manat ödəniş alınıb. Amma Niyaz Niftiyev bu iddianı qətiyyətlə rədd edib və bu barədə faktları, 9 sənədin ksero-surətini istintaqa təqdim edib. Təəssüf ki, istintaq bu faktları da nəzərə almayıb.
Açıq görünür ki, ilkin ittiham öz təsdiqini tapmadığı üçün cinayət işinin icraatına xitam verilməli olduğu halda, istintaq orqanı heç bir əsas olmadan, əlavə araşdırılmalar aparıb, ilkin ittihamla hər hansısa bir hüquqi bağlılığı olmayan ittiham irəli sürülüb.
Qeyd edək ki, Niyaz Niftiyev 1998-ci ildən 2020-ci ilin yanvar ayına kimi “Azadinform” İnformasiya Agentliyində parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində çalışıb.
15 il Prezident Admnistrasiyası üzrə akkreditasiya olunmuş müxbir kimi fəaliyyət göstərib.
2011-ci ildə “Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub.
2015-ci ildə “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, 2017-ci ildə isə “Mətbuatda multikulturalizm” kitablarını yazıb.
2018-ci ildə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilib.
23 dekabr 2019-cu ildə Binəqədi qəsəbə Bələdiyyəsinə üzv seçilib.
17 yanvar 2020-ci ildən 07 aprel 2020-ci ilə kimi Binəqədi qəsəbə Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb.
07 aprel 2020-ci ildə Binəqədi qəsəbə Bələdiyyəsinin sədri seçilib. Cəmi bir həftə sonra həbs olunub.
www.yenicag.az