Norveç və Almaniya Ukrayna üçün “Patriot” sistemlərinin alınmasını maliyyələşdirəcək
Norveç və Almaniya Ukrayna üçün iki “Patriot” kompleksinin və raketlərin alınmasını maliyyələşdirəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Norveçin Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Bundan əlavə, Norveç Almaniyadan Ukraynaya gətiriləcək hava hücumundan müdafiə sistemləri üçün təxminən 7 milyard kron (695 milyon dollardan çox) ayıracaq.
“Almaniya ilə birlikdə hazırda Ukraynaya güclü hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını təmin edirik. Almaniya və Norveç Ukraynanı ölkənin müdafiəsi və mülki əhalinin Rusiyanın hava hücumlarından müdafiəsi uğrunda apardığı mübarizədə dəstəkləmək üçün sıx əməkdaşlıq edir”, – Baş nazir Yonas Qar Styore bildirib.
Oslo alman istehsalçısı “Hensoldt”dan hava hücumundan müdafiə radarlarını və Konqsberqdən hava hücumundan müdafiə sistemlərini alacaq.
“Hava hücumundan müdafiə hərbi hissələrin və infrastrukturun mühafizəsi üçün də mühüm əhəmiyyət kəsb edir. İndi biz Almaniya ilə birlikdə səylərimizi daha da artırırıq”, – müdafiə naziri Tore O. Sandvik bildirib.