Reklam: High Technic
hightechnic

“Nüfuzlu xarici ekspertlərin Bakıya gətirilməsi...” – Beynəlxalq Simpoziuma reaksiya

Reklam: High Technic

“Region ölkələrindən olan ekspertlərin vacib məsələləri birgə müzakirə etmələri müsbət haldır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıda “Yeni Çağ” Media Qrupu, Azərbaycan -Türkiyə Evi və Türkiyə Azərbaycan İş adamları və Sənayeçilər Birliyi tərəfindən dekabrın 23-də təşkil olunmuş “Regionun gələcəyi: geosiyasi çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpoziumu dəyərləndirən politoloq Əlabbas Məhərrəmov deyib.

Ekspertin sözlərinə görə, Bakıda bu səviyyədə tədbirin keçirilməsi çox vacib məsələdir və bu mənada təşkilatçılar çox ciddi iş görüblər:

“Öncə Simpoziuma dəvət üçün minnətdarlığımı bildirirəm və etiraf edim ki, şəxsən mənim üçün çox faydalı bir tədbir oldu.

Simpoziumda Türkiyə, Rusiya və Qazaxıstandan, o cümlədən Azərbaycandan tanınmış ekspertlərin, millət vəkillərinin, siyasətçilərin iştirakı təqdirəlayiqdir.

Dəvətlilər öz ölkələrinin ictimai rəyində etimadla qarşılanan ekspertlərdir. Onların arasında rusiyalı Maksim Şevçenkonu xüsusi qeyd edə bilərik.

Simpoziumun panellərində müzakirə olunan məsələlər tədbirin adına tam adekvat idi və çox faydalı müzakirələr aparıldı. Təbii ki, Azərbaycan, Türkiyə və Qazaxıstan təmsilçilərinin əksər məsələlərə münasibəti, yanaşması eyni idi. Əsas maraq doğuran məqam Rusiya ekspertlərinin Qarabağ münaqişəsinin həllinə, Azərbaycan və Türkiyə ilə münasibətlərə baxışları idi.

Fikrimcə, Azərbaycan nümayəndələrinin Qarabağ münaqişəsinin həllində Rusiyanın hazırda ciddi addım atmamasının səbəblərini Şevçenkodan hesab şəklində soruşmaları təbii qarşılanmalıdır. Düşünürəm ki, həmin ekspert Bakıda üzləşdiyi bəlkə də kəskin, ancaq obyektiv sualların cavabını axtarmağa çalışacaq.

Mütləq qeyd etmək lazım gəlir ki, Simpoziumun keçirilməsində rəsmi qurumların iştirakı olmasa da, tədbir bütün nüanslar nəzərə alınmaqla, çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu mənada təşkilatçılara xüsusi təşəkkür düşür.
Ümid edirəm ki, “Yeni Çağ” və tərəfdaş qurumlar uyğun praktikanı davam etdirəcəklər. Çünki nəticədən asılı olmayaraq, region ölkələrindən olan ekspertlərin vacib məsələləri birgə müzakirə etmələri çox müsbət haldır”.

Simpoziumla bağlı təəssüratlarını Yenicag.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət tədbirin təşkilini yüksək qiymətləndirdiyini deyib:

“Öncə qeyd edim ki, Bakıda bu səviyyədə və mövzuda Beynəlxalq Simpoziumun təşkili təqdir edilməlidir. Tədbir və orada aparılan müzakirələr göstərdi ki, Azərbaycan ərazisinə və əhalisinin sayına baxmayaraq, regionun mühüm ölkəsidir.

Əminliklə deyə bilərik ki, ölkəmiz hazırda bizim üçün vacib olan Türkiyə-Rusiya münasibətlərində özünəməxsus qaydada körpü funksiyasını yerinə yetirir və barışdırıcı rol oynayır.

Simpoziumda ekspert təmsilçiliyinin səviyyəsi də xüsusi qeyd olunmalıdır. Həqiqətən də Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstandan olan ekspertlər öz nüfuzlarına görə seçilən fiqurlardır.

Tədbirin təşkili və orada aparılan müzakirələr göstərdi ki, region dövlətlərinin nüvəsi Azərbaycanda yerləşən fikir-düşüncə və müzakirə mərkəzi formalaşmaqdadır. Aparılan hərtərəfli və açıq diskussiyalar bu fikri əyani surətdə təsdiqləyir.

Simpoziumla əlaqədar təşkilatçılığın yüksək səviyyədə olduğunu xüsusi qeyd edərdim. “Yeni Çağ” Media Qrupu, o cümlədən digər qurumlar simpoziumun yüksək səviyyədə baş tutması üçün əllərindən gələn heç nəyi əsirgəməmişdilər. Əslində, simpoziuma qatılan yerli və xarici qonaqların çapı tədbirin qiymətləndirilməsi üçün yetərli sayıla bilər.

Çox ümid edirəm ki, simpoziumun təşkilatçıları bu təşəbbüslərini davam etdirərək, bundan sonra da bir çox uğurlu beynəlxalq tədbirlər düzənləyəcəklər”.

A. Zeynalov

www.yenicag.az

1590