“Nuru Paşanın adının əbədiləşdirilməsinə dair təkliflərə mütləq baxılmalıdır” – ÇAĞIRIŞ

“Bakının qurtuluşu həm də Azərbaycan dövlətçiliyinin növbəti mərhələləri üçün möhkəm zəmin rolunu oynadı”.

Bu fikirləri Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 103-cü ildönümündə general Nuru Paşanın adının əbədiləşdirilməsinə yönəlik davamlı təklifləri yenidən gündəmə gətirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qafqaz İslam Ordusu komandanının adı tək Bakıda deyil, bölgələrimizdə də layiqli şəkildə əbədiləşdirilməlidir:

“103 il əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak qüvvələrindən azad edilməsinin tarixi əhəmiyyəti misilsizdir. Ümumiyyətlə, bu hadisə ötən əsrdə Azərbaycan dövlətçiliyinin bərpa olunmasının dönüş nöqtəsi kimi qiymətləndirilməlidir.

Həqiqətən, əgər 1918-ci ildə Bakı azad edilərək AXC-nin paytaxtı olmasaydı, Cümhuriyyətimiz yəqin 23 ay deyil, daha az müddətdə mövcud olardı. O baxımdan, Bakının qurtuluşu həm də Azərbaycan dövlətçiliyinin növbəti mərhələləri üçün möhkəm zəmin rolunu oynadı.

Əlbəttə, Bakının azad olunmasından danışarkən, Osmanlı İmperiyasının qardaşlıq yardımını, Qafqaz İslam Ordusu və onun əfsanəvi komandanı Nuru Paşanın fədakarlığını qeyd etməmək olmaz. Bakının qurtuluşu üçün canından keçmiş qardaşlarımızın xatirəsi bizim üçün hər zaman əzizdir.

Ancaq çox təəssüf ki, tariximizdə şərəfli yer tutan Nuru Paşanın, Qafqaz İslam Ordusunun adının əbədiləşdirilməsi istiqamətində konkret iş görməyə gecikirik. Bununla bağlı səslənən davamlı təkliflərə, nəhayət, baxılmalı və əfsanəvi komandana abidə qoyulmalıdır.

Həm də Nuru Paşanın tək Bakıda deyil, Qubada və erməni vəhşiliyinin şahidi olan digər bölgələrimizdə də heykəli ucaldılmalıdır. Çünki Qafqaz İslam Ordusu özünü çatdırmasaydı, ermənilərin 1918-ci ildə törətdikləri soyqırımı qurbanlarının sayı qat-qat çox olacaqdı.

İnanmaq istərdim ki, bu məsələ öz müsbət həllini tapacaq və Bakının qurtuluşunun növbəti ildönümlərində Nuru Paşaya sonsuz ehtiramımızı onun heykəli qarşısında bildirəcəyik”.

A.Zeynalov