“Od üzərinə yağ tökdü” – Kreml Bakının Kiyev ilə yaxınlaşmasına niyə dözmür? – SENSASİON İDDİA
Rusiya-Azərbaycan münasibətlərində hazırkı gərginlik – hansı ki, misli görünməmiş səviyyəyə çatıb – təkcə regional geosiyasi dəyişikliklərin dərin nəticələrini deyil, həm də daha geniş, qlobal dinamikanı əks etdirir. Bu dinamikanın əsas xüsusiyyətlərindən biri də Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsidir. Bu fonunda Azərbaycan aktiv şəkildə xarici siyasətini diversifikasiya edir, ilk növbədə, Türkiyə ilə, daha sonra isə Qərb və hətta Ukrayna ilə yaxınlaşır ki, Moskva bunu öz ənənəvi hegemonluğuna birbaşa təhdid kimi qəbul edir.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşrinin analitik məqaləsində qeyd olunub.
Məqalədə vurğulanır ki, hazırda ciddi diplomatik böhran mövcuddur və hər iki tərəf bir-birini “münasibətləri məhv etməkdə” ittiham edir. Bu isə yeni bir proses deyil, sadəcə indi daha açıq və görünən formadadır.
Azərbaycan neftlə zəngin bir ölkə olaraq, enerji resurslarını Avropaya ixrac etmək üçün tədarükünü artırmağa çalışır. Avropa İttifaqı ilə bağlanan qaz müqavilələri birbaşa rus tədarükü ilə rəqabət aparır. Eyni zamanda Türkiyə və Azərbaycan aktiv şəkildə Orta Marşrut layihəsini irəli aparır – bu, Çini Avropaya birləşdirən tranzit yoludur və Rusiya ərazisindən kənar keçir.
Məlumata görə, aydındır ki, Rusiya Cənubi Qafqaz və Orta Asiyada – öz üçün həyati əhəmiyyət kəsb edən bölgələrdə mövqelərini itirmək istəmir. Bu səbəbdən, avqust ayında Azərbaycanın SOCAR şirkətinə məxsus obyektlərə Rusiyanın hücumları nəticəsində gərginlik bir daha artdı. Azərbaycan bunu enerji müstəqilliyinə qarşı “qəsdən edilən hücum” kimi qiymətləndirdi. Hətta Bakıda Ukraynaya silah tədarükü embarqosunun ləğv olunması ilə bağlı bəyanatlar səsləndi. Prezident İlham Əliyev baş verənləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə etdi və Zelenski də dəstək vəd etdi. Moskva isə bunu “Ukraynanın od üzərinə yağ tökməsi” kimi qəbul etdi.
Təbii ki, əgər Ukrayna cəbhəsində atəşkəs təmin olunarsa və ya Rusiya nəfəs almaq imkanına malik olarsa, diqqətini Cənubi Qafqaza yönəltmək niyyətində olacaq. Hazırkı regional güc balansının pozulması isə Ermənistanın məğlub olması ilə nəticələnmişdi.
Rusiya isə Azərbaycan və Türkiyənin təsirinin bölgəyə nüfuz etməsini yalnız və yalnız Ermənistan vasitəsilə dayandırmağı planlaşdırır. Bu baxımdan, Rusiya ordusunun Gümrüdəki hərbi bazada böyük həcmdə texnika topladığı xəbərləri təsadüfi deyil. Görünür, gec-tez Moskva ciddi şəkildə regionda problemlər yaratmaq niyyətindədir.
Rafi Müslümov