Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirmək üçün fiziki şəxslərin attestasiyası baş tutacaq
İyulun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətinin həyata keçirilməsi üçün fiziki şəxslərin növbəti attestasiyası baş tutacaq.
Agentlikdən Yenicag.az-a verilən məlumata görə, attestasiya prosesində yoxlayıcıların peşə (təhsili və təcrübəsi) və nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə biliklərinin qiymətləndirilməsi aparılacaq.
Attestasiya olunmaq məqsədilə ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları 25 iyul tarixinədək müvafiq ərizə formasını (“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavə) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidirlər.
Agentliyə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət oluna bilər.
Attestasiyadan uğurla keçmiş yoxlayıcılara agentlik tərəfindən 5 il müddətinə qüvvədə olan attestat təqdim ediləcək.