Oljas Süleymenov Azərbaycan nümayəndə heyətini şəxsi mənzilində QƏBUL ETDİ – FOTO
Qazaxıstanın Almatı şəhərində keçirilən “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” mövzusunda beynəlxalq tədbirin nümayəndə heyəti UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, tanınmış yazıçı Oljas Süleymenovla görüşüb.
Yenicag.az xəbər verir ki, O. Süleymenov forumda iştirak edən azərbaycanlı qonaqları öz şəxsi mənzilində qəbul edib.
Görüşdə Azərbaycanın ictimai-siyasi və media nümayəndələri – Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Naqif Həmzə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, Azərbaycan Turizm Assosiasiyasının Nəzarət-Təftiş Komitəsinin sədri Rəhman Quliyev və Qarabağ qazisi, “Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı iştirak ediblər.
Görüş zamanı O. Süleymenov Azərbaycan və Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb, ölkəmizə olan dərin sevgisindən söz açıb.
Görüş əsnasında Xalq şairi S. Rüstəmxanlı O. Süleymenova Azərbaycan xalçası hədiyyə edib. Forumun layihə rəhbəri A. Ələsgər isə “Yeni Çağ” Media Qrupu və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsü olan “Qız qalası” milli mükafatını yazıçıya təqdim edib. Qeyd olunub ki, bu mükafat yalnız Türk Dünyası üçün müstəsna xidmətləri olan simalara verilir.
O. Süleymenov isə öz növbəsində təqdim olunan mükafata görə təşəkkürünü bildirib və forum iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutub.